ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası iyulun 21-də ölkəmizin bu şəhərdəki baş konsulluğunun qarşısında keçirilmiş aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.
Baş konsulluqdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bəyanatda hadisə haqqında ətraflı məlumat verilir, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los-Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanır. Bildirilir ki, ermənilər sakit şəkildə aksiya keçirmək əvəzinə, günahsız insanlara qarşı nifrət zəminində zorakılıq və vəhşilik nümayiş etdiriblər. Sənəddə ermənilərin icmamızın üzvlərinə məhz azərbaycanlı olduqları üçün hücum etdikləri deyilir və məsələyə ədalətli yanaşmanın vacibliyi diqqətə çatdırılır.
Bəyanatda, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışılır, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın torpağı kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın qanunsuz işğalı davam etdirdiyi bildirilir. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılır.
Bəyanatı yayan Pakistan Şurası, həmçinin öz üzvlərinə müraciət edərək, öz konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqqında onları məlumatlandırmalarını xahiş edib.
Qeyd edək ki, hazırda ABŞ-da 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu durmadan artır. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu artıq uzun illərdir buradakı Pakistan icması ilə sıx münasibətlər saxlayır. 2019-cu ildə Pakistan icmasının ən böyük təşkilatı olan Pakistan Şurası dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə, xüsusilə Los-Ancelesdə ilk dəfə Azərbaycan, Pakistan və türk icmaları arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması sahəsindəki səylərinə görə ölkəmizin bu şəhərdəki baş konsulu Nəsimi Ağayevi z ali mükafatı ilə təltif edib.
Baş konsulluq iyulun 21-də Los-Ancelesdə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin yerli ictimaiyyət tərəfindən pislənilməsi üçün səylərini davam etdirir. Pakistan icmasından əvvəl Los-Ancelesdə yerləşən bir sıra nüfuzlu yəhudi təşkilatları, Vyetnam icması, türk və digər icmalar da bu zorakılıqları kəskin şəkildə pisləyiblər.