Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərimiz var. Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Hazırda bir neçə ölkədən həkimlər dəvət edildi və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur”.
Dövlətimizin başçısı qeyd edib ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək: “Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.