Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır

A- A A+

«Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bu gün dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə nümayiş etdirdiyi təkmil təcrübə keçilən yolun təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, bu reallığa da işıq salır ki, hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, inkişaf konsepsiyasının təkmilliyi hər bir çətinliyi aradan qaldırmaq üçün böyük əsasdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu zəngin enerji resurslarından səmərəli istifadəsini təmin etdi. Məhz iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. 2003-cü ildən bəri neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə diqqətin artırılması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatında şəffaflığın qorunmasına və ədalət prinsipi əsasında bölünməsinə, istiqamətləndirilməsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin inkişafında neft-qaz amilinin rolunu önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Bugünkü uğurlarımıza baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Möhtərəm Prezidentimizin gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan 2017-ci ildə «Yeni əsrin müqaviləsi»ni 2050-ci ilədək uzatmaqla qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırdı: «Əməkdaşlığın regional çərçivədən çıxararaq coğrafiyasını genişləndirməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Pandemiya dövründə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də Azərbaycanın enerji sektorunda qazandığı uğurlar önə çəkilərək ölkəmizlə Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədinə diqqət yönəldilmiş və bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. O da etiraf edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Məhz bu uğurlarımıza söykənərək cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itki ilə çıxacağına böyük əsas verir.»

«Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir» söyləyən V.Rəhimzadə qeyd edib ki, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb: «Bu məqamı da xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri məhz ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, bu istəyimiz artıq reallıqdır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır.»

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: «Pandemiya dövründə heç bir sosial layihənin təxirə salınmaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması da möhkəm iqtisadi bazaya və maliyyə imkanlarına əsaslanır. Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönümündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ötən il ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib. Cari ilin 6 ayında 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait sərf olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çoxdur. Eyni zamanda, 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat vəsait ödənilib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çoxdur. Həmçinin aprel-may aylarında 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub.»

V.Rəhimzadə onu da vurğulayıb ki, inkişafın Azərbaycan modelinin bu gün beynəlxalq səviyyədə təqdir olunması, eyni zamanda, əksər dövlətlərin təcrübəmizdən istifadə edərək koronavirusa qarşı mübarizədə qalib olmaq üçün səylər göstərməsi də günümüzün reallıqları sırasındadır: «Mübarizə tədbirlərinə başlandığı gündən 2008-ci ilin maliyyə və iqtisadi böhranı səviyyəsində problemlərin yaşanacağı kimi fikirlərin gündəmdə olduğu zamanlarda Azərbaycan bu reallığı ortaya qoydu ki, məhz həmin dövrdə də ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dünyanı bürüyən maliyyə və iqtisadi böhranını az hiss etməsi ilə nəticələndi. Ölkəyə investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, nəhəng enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramları uğurla icra edilir. Pandemiya dövründə də möhtərəm Prezidentimizin regionlara ardıcıl səfərləri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyev hər zaman vətəndaşının yanında olduğunu atdığı addımları ilə təsdiqləyir.»

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən, adı nüfuzlu xarici şirkətlər sırasında çəkilən SOCAR-ın neft siyasətinin uğurla həyata keçirilməsində rolu davamlılığı ilə diqqətdədir: «Əvvəldə də qeyd etdiyimiz kimi, 2018-ci ildə TANAP-ın, həmçinin «Star» neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir: «Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini genişləndirən SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri ölkəmizin strateji inkişafına xidmət edir. SOCAR bugünümüzün əsas çağırışları sırasında olan sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı addımları ilə də diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən regional inkişaf proqramları çərçivəsində bölgələrdə müalicə- diaqnostika mərkəzlərinin tikintisində də SOCAR fəal iştirak edir. Bu gün həmin müalicə-diaqnostika mərkəzləri koronavirus xəstələrinin istifadəsindədir. Diaqnostika mərkəzlərində yaradılan şərait, yüksək ixtisaslı həkim heyəti xəstələrin düzgün müayinəsinə və müalicəsinə böyük dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü sosial siyasətin tərkib hissəsi olaraq SOCAR neftçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Pandemiya dövründə digər müəssisələrdə olduğu kimi, SOCAR-ın bütün strukturlarında da əməkdaşların heç bir ixtisarına yol verilmədən mərhələli iş prosesinin həyata keçirilməsi ilə əmək haqları ödənilir. Təbii ki, atılan hər bir addım insan amilinə verilən dəyərin dövlət siyasətinin ana xəttini təşkil etməsinin göstəricisidir. Hər bir dövlət qurumu, idarə və müəssisə möhtərəm Prezidentimizin tapşırıqlarına uyğun olaraq öz səylərini daha da artırır, dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsinə öz töhfələrini verir. Bu çətin günlərdə birlik, həmrəylik çağırışları COVID-19-a qarşı mübarizədə qalib olmağın ən vacib şərti kimi önə çəkilir. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də atdığı birlik, həmrəylik addımları ilə diqqətdədir.»

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi qarşıdakı dövrün prioritetlərinə işıq salır. Azərbaycanı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: