Prezident İlham Əliyev: biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik

A- A A+

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə büdcəyə düzəlişlər məsələsinə də toxunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı müşavirədəki çıxışında bu barədə danışarkən deyib: “Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir”.

Dövlətimizin başçısı bildirib ki, hökumət neftin qiymətinin 55 dollar yox, 35 dollar səviyyəsində götürməyi və ilin sonuna qədər xərcləri bu rəqəm əsasında planlaşdırmağı təklif edir.

“Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı qeyd edib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: