Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib. Diqqətə çatdırıb ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim edib.
Bildirilib ki, koronavirus infeksiyası (COVID-19) qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Pandemiya iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib.
Tahir Mirkişili qeyd edib ki, yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb, dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Deputat Soltan Məmmədov çıxış edərək COVID-19 pandemiyasının insanların həyatına təsiri, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladı.
Sənəd üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verib. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha sonra iclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirə edilib. Komitə sədri Tahir Mirkişili bildirib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.
Sənəd üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsi - “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh edib. Komitə sədri sənədin əhəmiyyəti barədə danışıb, layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirib. Qeyd edilib ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.
Deputat Razi Nurullayev layihə ilə bağlı fikirlərini açıqlayıb.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
Sonra “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verilib. Komitə sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir.
Qeyd olunub ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.
Bildirilib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Komitədə və Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən verilən təkliflər nəzərə alınıb.
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov öz çıxışlarında dəyişikliklərin zəruriliyi barədə fikirlərini söyləyib, suallarını səsləndiriblər.
Komitə sədri Musa Quliyev deputatların toxunduğu məqamlara aydınlıq gətirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən Əli Hüseynli Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı parlamentdə aparılan səmərəli müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü ifadə edib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
Dövlət himni səsləndirilib və parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırıb.