Sarkisyanın bacarıqsızlığı siyasi karyerasına son qoyduğu kimi, döyüşlərdəki itkilər barədə ikiüzlülüyü və yalanları da bir fərd olaraq sonunu gətirəcək
Serj Sarkisyanın oğullarını itirən anaların, ailələrin qarşısında bu formada xortlayaraq gündəmə gəlib üzrxahlıq etmək cəhdi yersiz hərəkətdir. Çünki Ermənistan ordusunun əsgərlərini işğalçı qüvvələrin tərkibində Azərbaycan ərazisində ölümə göndərən məhz Serj Sarkisyan deyildimi?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov bildirib ki, bu gün işğalçılıq siyasətini davam etdirərək erməni gənclərini zorla Azərbaycan torpağında saxlayan və ölümə məhkum edən elə Ermənistanın Serj Sarkisyan kimi dövlət başçılarıdır. Erməni əsgərlərinin Azərbaycan torpağında həlak olmasının bilavasitə məsuliyyəti məhz Serj Sarkisyan kimi rəhbərlərin üzərinə düşür. Çünki minlərlə erməni əsgərinin anasını gözüyaşlı qoyan da məhz Serj Sarkisyan kimi dövlət başçılarının işğalçı niyyətləridir.
O, Aprel döyüşlərini utanmadan müəyyən mənada qələbə kimi qiymətləndirərək guya təəssüflənir. Bu təəssüf hisslərini dilə gətirməsi yenə də Serj Sarkisyanın çirkin əməllərinə müəyyən dərəcədə haqq qazandırmaq məqsədindən irəli gəlir. Əgər o, doğrudan da səmimidirsə, onda heç olmasa, itkilərin sayını düzgün deməyə borcludur. Necə olur ki, elə Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran komissiya erməni tərəfinin 560 nəfər itki verdiyini qeyd etdiyi halda, bu gün Sarkisyan xəcalət çəkmədən cəmi 75 nəfər itki verdiklərini deyir. Bununla yanaşı, Azərbaycanın itkilərini şişirtməklə də öz bacarıqsızlığına müəyyən dərəcədə haqq qazandırmaq məqsədilə yersiz cəhdlər edir. Bu qeyri-səmimi yanaşma Ermənistan siyasətində öz cəmiyyətinə qarşı hörmətsizliyin və xalqa düşmənçiliyin göstəricisidir. Ermənistan mətbuatında və müəyyən dairələrdə Aprel döyüşləri zamanı real itkiləri haqqında kifayət qədər məlumatlar var.
Onu da qeyd edim ki, Ermənistan silahlı qüvvələri Aprel döyüşlərində böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, düşmənin 560-dan artıq hərbçisi məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə olundu. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından Ordumuzun nəzarəti altına keçdi.
“Serj Sarkisyan düşünür ki, bunun üstündən artıq bir neçə il keçib və bununla da o, itkilərin sayını bu formada ört-basdır edərək 75-ə kimi azalda bilər. Onun guya səmimi müraciət edərək, daha çox erməni əsgərlərini xilas edə bilməməsini dilə gətirməsi, ilk növbədə, həlak olan erməni əsgərlərin ailəsinə və erməni cəmiyyətinə hörmətsizliyinin nümayişidir. Amma düşünürəm ki, Sarkisyanın ətrafında olan tör-töküntü tərəfdaşlarından başqa, Ermənistan əhalisi arasında daha ona inanan tapılmayacaq. Çünki onun gizlətmək istədiyi real rəqəmləri bütün dünya və erməni xalqı dəqiq bilir. Gec-tez Erməni cəmiyyəti bu məsələləri düzgün qiymətləndirərək, Serj Sarkisyanı siyasətdən qovduğu kimi, Aprel döyüşlərində mənasız ölümə yolladığı əsgərlərə görə onu bir insan olaraq da cəzalandıracaq", - deyə Ş.Ramaldanov bildirib.