Vüqar Rəhimzadə: Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək
«Qarabağ» dayaq blokunun dənizə yola salınması ölkənin həyatında əlamətdar hadisədir. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan bu qurğunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir. Bu layihə bir daha təsdiqləyir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Bu hadisə Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha belə bir reallığı diqqətə çatdırmışdır ki, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında bildirib.
V.Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edərək bildirib ki, bu sazişin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyulub, reallaşan neft-qaz layihələri əməkdaşlığın coğrafiyasını genişləndirməklə həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafına böyük töhfələr verir: «Ümummilli Liderin Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni iqtisadiyyatın inkişafında əsas faktor kimi qəbul etməsi uzaqgörən siyasətinin, eyni zamanda, bugünümüzə hesablanmış inkişaf strategiyasının göstəricisi idi. «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanları artmaqla yanaşı, eyni zamanda, siyasi mövqeyi günbəgün möhkəmlənir. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır. «Əsrin müqaviləsi»ndən sonra imzalanan onlarla neft və qaz sazişləri, Anlaşma Memorandumları da deyilənlərin təsdiqidir. Bu gün Azərbaycan həqiqətən də təşəbbüsləri gerçəkliyə çevirməklə dünyanın enerji xəritəsini dəyişir.»
Baş redaktor bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd olunan müsahibəsində vurğuladığı kimi, 1994-cü ildən başlayaraq xarici neft şirkətləri Azərbaycana böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Bu əminlik də ifadə edir ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.
«Reallaşan layihələr yalnız region, qitə deyil, bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunur» söyləyən V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ardınca ikinci əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, üçüncü əsəri kimi dəyərləndirilən «Şahdəniz» yatağının kəşf edilməsi və sair kimi biri-birindən mühüm uğurlar Azərbaycanın dünyanın enerji xəritəsinə əlavələr etməsini şərtləndirdi. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda TANAP-ın istifadəyə verilməsi, bu il istifadəyə verilməsi nəzərdə tutulan TAP Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına yol açır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyev «Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır» söyləyərək bütün yataqlarda işlərin məqsədyönlü şəkildə həyata keçirildiyini, bir layihənin uğurlu sonluqla başa çatmasının o biri layihəni şərtləndirdiyini xüsusi vurğulamışdır. Təbii ki, düzgün müəyyənləşdirilən siyasət, gələcəyə hesablanmış addımların səmərəli icrası ölkəyə böyük uğurlar qazandıracaq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılmasında da məqsəd ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində əldə olunan gəlirlərin ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasına yönəltməkdir. Ümummilli Lider bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Bir sözlə, 1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də bütün bunlar statistik rəqəmlərdə öz əksini tapıb. Ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya yatırılıb. Ölkəmizin valyuta ehtiyatları 52 milyard dollardan artıqdır. Son 17 ildə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun, bölgələrin inkişafı nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb. Ölkəmizdə yoxsulluq həddi 49 faizdən 4,8 faizə, işsizliyin səviyyəsi 5 faizə enib. İqtisadi inkişafın ölkənin, eyni zamanda, insanların həyatında öz əksini tapması, daim yeniləşməyə, yeni-yeni hədəflərin gündəmə gətirilməsinə yol açır.»
V.Rəhimzadə qeyd edib ki, 1994-cü ildə 30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdir ki, «Əsrin müqaviləsi»ni reallaşdırmaqla dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik. «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, əvvəlki kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması həmin fikirlərin təsdiqi, Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və rolunun, etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndirməsinin təqdimatı oldu.
«İki sahil» qəzetinin baş redaktoru bu mühüm məqamı da xüsusi qeyd edib ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: «Qarabağ» dayaq blokunun dənizə yola salınması da SOCAR-ın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR-ın «BOS Şelf» şirkəti tərəfindən tikilmiş, Azərbaycanın ən zəngin karbohidrogen mənbələrindən biri olan «Qarabağ» yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan eyniadlı dayaq bloku texnoloji baxımdan nəhəng və mürəkkəb qurğudur. «Qarabağ» dayaq blokunun dənizə yola salınması onu göstərir ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.
V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə bütün neft-qaz layihələri uğurla icra edilir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq. Enerji layihələrinin uğurlu icrası nəticəsində əldə olunan vəsaitlərin şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondu tərəfindən düzgün istiqamətləndirilməsi fonunda ölkəmizin davamlı inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin ediləcək.