Türkiyənin ən qocaman xəbər mənbəyi olan Anadolu agentliyi yüz yaşını qeyd edir. Adını Türkiyənin yerləşdiyi coğrafi məkandan götürən agentlik dünya xəbər məkanında aparıcı qüvvələrdən biridir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, agentliyin rəhbər heyəti yubiley münasibətilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Anadolu agentliyinin kollektivi adından Türkiyə xalqının böyük oğlunun məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yubiley münasibətilə agentliyin rəhbər heyətini qəbul edib.
Türkiyənin xilaskarı Mustafa Kamal Paşanın başladığı milli azadlıq mübarizəsinin məram və məqsədlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə yaradılan Anadolu agentliyi ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda dünya xəbər agentlikləri sırasında öz yerini şərəflə qoruyan agentlik qərəzsiz və ədalətli xəbərlərini operativ qaydada yaymaqla qazandığı şöhrətini əzmlə qoruyur. Türkiyədə 86, ölkə xaricində 41 büroya sahib olan Anadolu agentliyi xəbərlərini 13 dildə yayır.
Bütün sahələr üzrə xəbərləri operativ yaymağı qarşısına başlıca məqsəd kimi qoyan Anadolu agentliyi Türkiyənin ictimai-siyasi həyatında avanqard qüvvə, çevik fəaliyyəti ilə seçilən qurumdur. Agentlik nadir nəşrləri ilə son illər Türkiyənin dövlətçilik tarixinə böyük töhfələr verib. Bundan başqa, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, ən yeni xəbərləri agentlik vasitəsilə izləmək mümkündür. Anadolu agentliyinin fəaliyyətindəki müsbət dəyişikliklərdən biri də qurumun rəsmi saytındakı canlı yayım proqramlarıdır. İnfoqrafikaların dərin məzmunu, fotosessiyalar, bir saniyəlik videomateriallar və sair böyük zəhmətlə ərsəyə gələn xəbər məhsulları kimi geniş oxucu auditoriyası qazanıb.
Türk dünyasının problemlərinə və aktual mövzulara daha iti baxış bucağından yanaşan Anadolu agentliyi Azərbaycan həqiqətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin problemi prizmasından yanaşır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri, təcavüzkar tərəfin təxribatçı addımları və fəaliyyəti bütün hallarda agentlik tərəfindən diqqət mərkəzində saxlanılır.