İsrailin ILTB teleşirkəti: Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləridir
Təl-Əviv-Yaffoda təxminən 600 nəfərin iştirakı ilə keçirilmiş nümayiş bizim üçün sürpriz oldu. Lakin sözün yaxşı mənasında bizi təəccübləndirən odur ki, bu nümayiş İsrail ilə Qəzzə bölgəsi arasında, yaxud İsrail ilə Livan arasında münaqişəyə deyil, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsrailin ILTV beynəlxalq teleşirkətinin (İsrail haqqında xəbərlərin əsas buraxılışı milyonlarla tamaşaçı auditoriyasına malik olan yeddi əsas Amerika telekanalında translyasiya edilir) efirində yayılmış “Azərbaycan nümayişi” adlı süjet əslən Azərbaycandan olan İsrail vətəndaşlarının qədim Yaffo şəhəri boyunca etiraz yürüşünə, sonra isə Erməni Mədəni Mərkəzi və Erməni Kilsəsi qarşısında təşkil edilmiş nümayişinə həsr olunmuşdu.
Məqalədə qeyd edilir ki, “İsraildə Azərbaycan evi” – İsraildə Azərbaycan Yəhudi Diaspor Təşkilatı bu etiraz yürüşünü Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatına cavab olaraq təşkil etmişdi.
İsrail teleşirkətinin süjetində vurğulanır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən köhnə münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistan tərəfindən işğal edilib. Sonuncu toqquşma Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundan 300 kilometr məsafədə yerləşən Tovuz rayonunda iyulun 12-də başlanıb. Bu günlər ərzində aparılan ağır döyüşlər nəticəsində 76 yaşlı bir nəfər azərbaycanlı dinc sakin və Azərbaycanın 12 hərbi qulluqçusu, o cümlədən bir general həlak olub.
Süjetdə erməni provokasiyası ilə üzləşmiş Tovuz sakinlərinin sözləri sitat gətirilir.
İzzət Əzizov: “Ermənilər sərhədyanı rayonlara ağır artilleriya silahlarından mütəmadi atış açırdılar. Atəş səsləri dünən gecəyə qədər eşidilirdi. Sonra bir müddət sakitlik yarandı. Dünən, iyulun 14-də səhər saat 7-də yenidən atmağa başlayıblar”.
Zərnişan Gözəlova: “Mən telefonda atamla söhbət edərkən atəş səsləri eşidilirdi. Ağır artilleriya atəşi açılanda atam soruşdu: “Eşidirsənmi?”. Mən dedim: “Eşidirəm”, sonra da əlavə etdim: “Ata, buna görə sən ehtiyatlı olmalısan”. Atam səhər yeməyindən sonra evdən çıxdı və mərmi ona tuş gəldi”.
Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz hissəsində hərbi toqquşmalardan dərhal sonra Azərbaycanın paytaxtı Bakıda minlərlə insan toplaşaraq Azərbaycan ordusuna, Azərbaycan əsgərinə dəstək olduqlarını bildirirlər. Onlar deyir: “Qarabağ bizimdir və bizim olacaq, Vətən bölünməzdir”.
İsrailin ILTV beynəlxalq teleşirkətinin süjetində vurğulanır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birlik Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir”.
Süjetdə vurğulanır ki, əslən Azərbaycandan olanların İsraildə erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin qarşısında Ermənistanın son hərbi təxribatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək əlaməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnləri səslənib.
İsrailin ILTV beynəlxalq teleşirkətinin əsas xəbərlər proqramının hazırladığı süjetin sonunda deyilir: “Azərbaycan diasporu bir daha bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. O, İsrail dövlətinin hökumətindən və dünya birliyindən tələb etdi ki, Ermənistanın ciddi cəzalandırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Azərbaycan torpaqlarının erməni işğalından tam azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir”.