Ukraynada məkrli erməni siyasəti növbəti dəfə iflasa uğrayıb. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna Dövlət Təhqiqat Bürosu ölkədə qondarma “erməni soyqırımı”nın tanınmaması barədə göndərdiyi məktub əsasında Xarici İşlər nazirinin müavini, GUAM yanında Milli Əlaqələndiricisi Vasili Bodnara qarşı açdığı cinayət işinə xitam verib. Bununla da Ermənistan hakimiyyətinin, ona xidmət edənlərin hiyləgər siyasəti puç oldu. Ukrayna-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, hakim “Xalqın xidmətçi”si partiyasından deputat, ermənipərəst Darya Volodinanın “xidməti” növbəti dəfə uğursuzluğa düçar oldu. Tezliklə haqq öz yerini tapdı və ermənipərəst qüvvələrə yerləri göstərildi. Artıq Ukraynada qondarma “erməni soyqırımı” mövzusu üfunət iyi verən havaya bənzəyir. Hər dəfə havaya buraxılan “erməni soyqırımı” məsələsi elə havadaca qalır. Bu məsələnin bir neçə dəfə Ali Radanın müzakirəsinə çıxarılması, Ukraynanın rəsmi orqanları tərəfindən pislənilməsi cəhdi hər dəfə “daşa dəyərək”, Ermənistan hakimiyyətinin havadarlarının “üzünə çırpılıb”. Onlar bunun ağrısını hələ də çəkirlər.
Ermənistan dövləti bir daha anlamalıdır ki, Ukrayna onların arzuladığı məkan olmayacaq. Çünki rəsmi Kiyev heç vaxt haqqı tapdalayaraq, Türkiyə və Azərbaycan kimi strateji, dost ölkələrlə münasibətlərini korlamaz. Əksinə, son zamanlar Ukrayna Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi sərt bəyanatlar bir daha göstərdi ki, Ermənistan onlar üçün əhəmiyyətsiz dövlət olaraq qalır. Tovuz hadisələri zamanı rəsmi Kiyevin tutduğu mövqe isə Ermənistanı özündən çıxardı. Ermənilər diplomatik qalmaqal yaradan hərəkətlərlə özlərini ifşa etdilər.
Rəsmi Yerevanın yarıtmaz və uğursuz xarici siyasəti yürütdüyünü artıq erməni analitikləri və ekspertləri özləri də etiraf etməkdədirlər. Onlar Ermənistanın dövlət kimi faktiki olaraq təcrid vəziyyətinə düşdüyünü söyləyirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın BBC “HARDTalk” verilişinin aparıcısı Stiven Sakurun suallarını cavablandırarkən nümayiş etdirdiyi savadsızlığı, naşılığı rəsmi Yerevanın yarıtmaz fəaliyyətinin daha bir bariz nümunəsidir. Məhz ona görə Paşinyanın bu müsahibəsi də erməni siyasətçiləri tərəfindən sərt tənqid olundu.
Bütün bunlar göstərir ki, bu gün Ermənistan hakimiyyəti “dəlilər yığıncağı”na bənzəyir və bu məntiqə söykənən qərarlar da yalnız məğlubiyyətə düçardır. Ona görə də Ermənistan dünyadan təcrid olunmaqda davam edəcək, onun məkrli siyasəti “ayaq açsa da, yeriməyəcək”.