XİN: Azərbaycan Türkiyənin regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş bütün addımlarını dəstəkləyir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlaması ilə bağlı KİV-in sualını cavablandırıb.
XİN-in Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir.
Bu xüsusda, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir. Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir.