“Qarabağ” neft yatağının işlənməsinə dair saziş təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev ““Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb.
Qanuna əsasən, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib. Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Həmçinin Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Xatırladaq ki, mayın 30-da Bakıda SOCAR ilə Norveçin “Equinor” (əvvəlki “Statoil”) qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıb.
Milli Məclis iyunun 29-da “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişi ratifikasiya edib.
“Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.