XİN Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb

A- A A+

İyulun 7-də Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür.

Məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə başlayana qədər Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstəriciyə görə Ağdərə azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası vardır. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi".

NUHÇIXAN xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlamasında bildirib.

"Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irs talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.

Bu sırada qəsdən erməniləşdirmək məqsədilə alban xristian irsinin şah arxitektur əsərlərindən olan XIII əsrə aid Gəncəsar məbəd kompleksi saxtalaşdırılmış formada təmir edilib. Bu qeyri-qanuni əməllər tarixi reallığın saxtalaşdırılması və Qarabağın etnik tərkibinin dəyişdirilməsi siyasətinin davamıdır. Bu prosesin bariz nümunələrindən biri 1978-ci ildə Şıxarx kəndində İranın Marağa şəhərindən 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar ucaldılmış abidə idi. Lakin, Ermənistanın təcavüzünün başlamasından sonra ermənilərin həmin ərazilərdə yaxın tarixdə peyda olmasını xatırladan bu abidə məhv edildi.

Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim ötən 25 il ərzində Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir. Bu xüsusda xarici hüquqi və fiziki şəxslərin də cəlb edilməsi ilə ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır. Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085(2016) saylı qətnaməsində ifadə olunmuşdu.

1976-cı ildə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib. Ermənistan qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə, insanların su təminatı və kənd-təsərrüfatı fəaliyyəti, ərazinin bio-müxtəlifliyinin məhv olması və torpağın quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır.

Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunduğu kimi beynəlxalq ictimaiyyət Azərbaycanın ərazilərinin işğalını pisləyir və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Yalnız bu istiqamətdə təxirəsalınmaz addımların atılması Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına, o cümlədən Ağdərəyə və ətraf kəndlərə qayıtmasına əsas yarada bilər.

Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür", - XİN rəsmisi əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: