Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi dövlətimizin başçısının videoqəbuldakı çıxışından bəzi məqamları təqdim edir.
“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.
“Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyindəki insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq”.
“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”.