Baş Prokurorluq və DTX Ermənistan ordusunun diversiya qrupunun komandirinin əsir götürülməsi ilə bağlı birgə məlumat yayıb

A- A A+

Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan birgə məlumatında bildirilib ki, Qurgen Alaverdyanın Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 2020-ci il avqustun 23-də ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 276-cı (casusluq), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla cinayət işi üzrə istintaqın aparılması Baş prokuror tərəfindən Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: