Vüqar Rəhimzadə: Dünya erməni təxribatlarına göz yumduqca…

A- A A+

«Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi  Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, bəzi xarici havadarlarına  arxalandığını təsdiqləyir. Çünki iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat törətmiş və onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdır. Dünyanın, xüsusilə  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin təxribata laqeyd münasibəti, seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etmələri  diqqətdən kənarda qalmadı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına, Azərbaycanın  nəinki Qarabağ, digər sərhəd əraziləri istiqamətində təxribatlarına stimul verir. Zaman-zaman Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən işğalçı Ermənistan, görünür  “böyük Ermənistan” xülyasını hələ unutmayıb.  Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti işğalçı dövlətin bütün cəhdlərini boşa çıxarır,  belə bir reallığı ortaya qoyur ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz müstəqil siyasəti, tarixi həqiqətləri ilə fakt qarşısında aciz olmamaqla yanaşı, eyni zamanda, döyüş meydanında düşməni yerində oturtmaq imkanında, gücündədir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Goranboy rayonu istiqamətində baş verən təxribatlar onu göstərdi ki, Azərbaycan nəinki Ermənistan silahlı qüvvələrinin  cavabını verdi, həmçinin diversiya-kəşfiyyat qrupunun  komandiri Qurgen Alaverdyan  hərbçilərimiz tərəfindən  əsir götürüldü: «Onun üzərindən bir sıra hərbi ləvazimatlar, şəxsi əşyalar aşkarlanıb. Bu təxribatın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub. Amma ordumuzun gücü, ayıq-sayıqlığı nəticəsində bu cəhdin  qarşısı alınıb, düşmən itkilər verib, rəzil durumda geri qayıtmağa məcbur olub. Qurgen Alaverdyan  yaydığı videomüraciətdə təlimata uyğun hərəkət etdiklərini,   yaxın vaxtlarda  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy  rayonunda təmas xəttindəki döyüş mövqelərində  diversiya törədilməsi, yəni, qumbara və  avtomat silahlardan istifadə edərək mümkün qədər çoxlu sayda  Azərbaycan hərbçisinin məhv edilməsi, eləcə də  bir hərbçinin əsir götürülməsi ilə bağlı  əməliyyat keçirilməsi üçün hazırlıq görülməsi tapşırığını aldıqlarını etiraf etmişdir. Mərhələli şəkildə həyata keçirdikləri  əməliyyat planına uyğun olaraq avqustun 23-də saat 02:30 radələrində  Azərbaycan Silahlı Qüvvələrinin döyüş postuna daxil olmaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən verilən «Həyəcan» siqnalı əsasında  aşkar olunduqlarını anlayaraq geri  qayıtmaq məcburiyyətində qalmışlar.  Bu, Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş  komandirinin etirafıdır. Buna təfsilatı ilə  bir daha nəzər yetirməyimizin səbəbi  Ermənistan hakimiyyətinin 12 iyul təxribatında olduğu kimi, Goranboy  təxribatında da  reallıqları ört-basdır etmək, itkilərini gizlətmək üçün «fədakarlıq» göstərməsidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan  komandir Qurgen Alaverdyanın guya  «hərbi mövqeləri yoxlamaq üçün» gedərkən hava şəraitinin pis olması səbəbindən azdığını, hazırda onun axtarışının  davam etdirildiyini bildirib. Hər zaman  yalanın həqiqət üzərində qələbəsinə cəhd edən ermənilər bunun mümkünsüzlüyünün fərqində olsalar da, yenə də xislətlərinə uyğun addımlarından əl çəkmək istəmirlər.»

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə yönəldib. “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev  bildirmişdir ki, Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.

Baş redaktor bildirib ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb, illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır: «Azərbaycan xalqının mənasız danışıqlardan bezdiyini bildirən möhtərəm Prezidentimiz İlham Əliyev  qeyd edir ki, ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində  öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir  ordusu vardır.  Bu gün xalq-iqtidar birliyi  Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə  geri  atılmayacaq.  Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir və dövlətimizin  bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir.»

Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, bunlardan  biri düşmən ölkədəki  iqtisadi və siyasi  böhrandır: «Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından  bəhrələnən dəstə  iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra  bir çox vədlər vermiş,  Ermənistanda çiçəklənmə, cənnət olacağını bildirmişdi. Amma bu vədləri yerinə yetirmək üçün  hakimiyyətdə nə  təcrübə, nə səriştə, nə də  daxili resurs var idi. Bu vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan  daha çox zərər çəkən işğalçı dövlətdir. Hakimiyyət COVID-19-la mübarizədə heç bir təcrübə, çıxış yolu ortaya qoya bilməyib.  Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti  diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır. Amma bunun da bir çıxış yolu olmadığı göz önündədir. Çünki ermənilərin, o cümlədən haqqında bəhs etdiyimiz Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etiraflarında vurğulandığı kimi,  Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur.»

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: