İri ticarət mərkəzlərinin açılması barədə hələ qərar yoxdur. Gələcəkdə bu məsələyə baxılması istisna deyil. Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri ilə bağlı məsələ də müzakirə olunaraq bu barədə müvafiq qərarlar veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi, həmçinin bildirib: “Rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə məlumat veriləcək”.
Şirvanda yoluxmanın çox olması səbəbindən bütün şəhərin deyil, lokal bağlanmanın Bakıda da tətbiq edilib-edilməyəcəyi məsələsini şərh edən Hikmət Hacıyev qeyd edib ki, Bakı şəhərində sıxlıq çox böyükdür və vətəndaşların hərəkət dinamikası, intervalı da çox sıxdır. Ona görə bunun hansı dərəcədə tənzimlənməsi və yaxud belə bir qərar qəbul edilərsə, onun idarə edilməsinin tam effektivliyi ilə bağlı müəyyən suallar var ki, dəqiqləşmələr tələb edir. Əgər müəyyən dövrdə artım baş verərsə, bütün ölkə üzrə qapanmadansa, konkret məntəqələr üzrə qapanma bəlkə də daha səmərəli ola bilər. Mexanizm olaraq bu, öyrənilir və araşdırılır.