Hikmət Hacıyev: Ermənistan rəhbərliyi öz çirkin məqsədləri üçün bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq istəyir
Son günlər Ermənistanda könüllülər adı altında mülki şəxslərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bu qərarları Ermənistanda demoqrafiya ilə əlaqədar mövcud olan böhranlı vəziyyətin növbəti nümunəsi kimi qəbul edirik. Bu, Ermənistanın silahlı birləşmələrini komplektləşdirməkdə çətinlik çəkdiyini göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: “Ermənistan rəhbərliyi bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq istəyir ki, bu birləşmələrdən öz çirkin məqsədləri üçün, o cümlədən ölkədaxili məsələlərdə istifadə etsin. Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə də təqdim edirlər ki, guya Ermənistan silahlı bölmələrində itki yoxdur. Çünki həmin şəxslər Ermənistan silahlı qüvvələrində qeydiyyatda deyillər. Ancaq hər kəs bunu yaxşı bilir. Elə Ermənistanın ictimai-siyasi dairələrinin də, mediasının da bu suallarla Ermənistan rəhbərliyinə müraciət etmələri yaxşı olardı.
Tovuz hadisələrində də biz bir daha şahidi olduq ki, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantüra və Azərbaycan silahlı qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar o xətti şəxsi heyətlə komplektləşdirə bilmirdilər. Ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xəttə yerləşdirməyə çalışırdılar”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var. Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.