Hikmət Hacıyev: Cenevrə Konvensiyasından danışan Ermənistanın Azərbaycanı raket hücumları ilə hədələməsi riyakarlığın növbəti nümunəsidir
Son vaxtlar Ermənistan Cenevrə Konvensiyasını tez-tez xatırladır. Halbuki Ermənistan Cenevrə Konvensiyasını ən kobud formada pozan ölkədir. Cenevrə Konvensiyasından danışan Ermənistanın Azərbaycanı raket hücumları ilə hədələməsi riyakarlığın növbəti nümunəsidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan mülki azərbaycanlılara qarşı cinayətlər, soyqırımları törədib. Dörd mindən çox azərbaycanlı girov və əsir barədə hələ də məlumatımız yoxdur. Ermənistan beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində də əməkdaşlıq etmir. Bu isə Ermənistanın beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına riyakar yanaşdığının göstəricisidir. Şahbaz Quliyev və Dilqəm Əsgərov üçün qurulmuş qondarma məhkəmələr də göz önündədir.