Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Türk xalqı 1919-cu ildə öz dövlətçiliyini qoruyub saxlamaq və Vətəni işğaldan azad etmək uğrunda mübarizəyə başladı. 1920-ci ilin 23 aprelində Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi, xalqın iradəsinə əsaslanan, xalqı təmsil edən hökumət quruldu, bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliyyatlar başlandı. İlk qələbələr Şərq cəbhəsində erməni quldur dəstələri üzərində qazanıldı. 1921-ci ilin avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan qoşunlarının məğlub olması ilə türk ordusu müdafiə mövqeyindən hücum mövqeyinə keçdi. Görkəmli dövlət xadimi, bacarıqlı təşkilatçı, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək oldu, döyüşlərdə iştirak edərək şəhidlər verdi.
Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi məxsus olduqları xalqı və dövləti yaşatmış, bu gün də yaşadır. Qardaş Türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən mükəmməl konsepsiyadır. Bu konsepsiya hər iki dövlətin rəsmi mövqeyinin əsasında dayanır, qarşılıqlı əlaqələrin qədim tarixi köklərini, eləcə də siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirir. Qarşılıqlı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”.
Ölkələrimiz və xalqlarımız arasındakı strateji tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qoyulmuşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə ordu quruculuğu, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Bu gün muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə qarşılıqlı əlaqələr durmadan inkişaf edir.
Bu il fevralın 25-də Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmiryol nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər, bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq ilbəil genişləndirilir. Ənənə halını almış birgə hərbi təlimlər uğurlu əməkdaşlığın nəticəsidir. Ötən il Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Milli Müdafiə naziri ilə görüşmüşdür. Müvafiq plana uyğun olaraq keçirilən builki təlimlər isə miqyasına görə əvvəlkilərdən xeyli fərqlənir.
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir”.