Ermənistanda orduya inam qalmayıb
İşğalçı ölkənin silahlı qüvvələri işgəncə, ölüm, rüşvət və korrupsiya mənbəyinə çevrilib
Bu gün əhalisinin təbii artımı aşağı səviyyədə olan Ermənistanda ordu sıralarında xidmət etmək üçün ciddi çağırışçı problemi yaşanması heç kimə sirr deyil. Son 30 ildə 2 milyona yaxın insanın Ermənistanı tərk etməsi bu sahədə vəziyyəti daha da pisləşdirib. Hazırda ordunun tələb olunan sayda şəxsi heyətlə komplektləşdirilməsində ciddi problem yaşayan Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu kimi xaricdə yaşayan erməniləri hərbi qulluğa cəlb etmək, könüllü dəstələr yaratmaq istəyir.
Bu səbəbdən də Ermənistanda "xalq ordusu” adlı bir formatın reallaşdırılmasına dair bir niyyət ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Belə ki, işğalçı ölkədə "Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Qeyd edilir ki, könüllü xalq qoşunları yaratmaq ehtiyacı qarşı tərəfə layiqli cavab vermək səbəbindən qaynaqlanır. "Xalq ordusu” yaradılması layihəsi ictimaiyyətin müzakirəsinə təqdim edilib.
Bu onu göstərir ki, faktiki olaraq işğalçı ölkədə müdafiəni təşkil edəcək insani resurslar, orduda nizam-intizam yoxdur. Ermənistanın əl atdığı sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti yoxdur. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Lakin bütün bunların nəticə verəcəyinə heç Ermənistan rəhbərliyi özü də inanmır.
Ermənistanda sayı sürətlə azalmaqda olan gənclər orduda xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırlar. Bunun ümdə səbəblərindən biri də ordunun işgəncə, ölüm, rüşvət, korrupsiya, özbaşınalıq mənbəyinə çevrilməsidir. Müasir Ermənistan ordusunu xarakterizə edən cəhətlər isə daha dəhşətlidir. Mənəvi-psixoloji durumu gündən-günə daha da ağırlaşan orduda fərarilik halları davamlı olaraq artır. Xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatışır. Zabit və gizirlər əvvəlki kimi şəxsi heyətin sağlamlığına biganə yanaşır. Hərbi qulluqçulara aşağı kalorili və zərərli qida məhsulları verilməsi davam edir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistan rəhbərliyi bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq istəyir ki, bu birləşmələrdən öz çirkin məqsədləri üçün, o cümlədən ölkədaxili məsələlərdə istifadə etsin: "Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə də təqdim edirlər ki, guya, Ermənistan silahlı bölmələrində itki yoxdur. Çünki həmin şəxslər Ermənistan silahlı qüvvələrində qeydiyyatda deyillər. Ancaq hər kəs bunu yaxşı bilir. Elə Ermənistanın ictimai-siyasi dairələrinin də, mediasının da bu suallarla ölkə rəhbərliyinə müraciət etmələri yaxşı olardı. Tovuz hadisələrində də biz bir daha şahidi olduq ki, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantüra və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar o xətti şəxsi heyətlə komplektləşdirə bilmirdilər. Ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar”.
Belə görünür ki, Paşinyanın dönəmində orduda vəziyyət daha da pisləşib. Ermənistan ordusunun döyüş və qeyri-döyüş şəraitində verdiyi itkilərin böyük əksəriyyəti gərginliyin artdığı və "inqilab”dan sonrakı dövrə təsadüf edir. Ordudakı yüksəkvəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, onların nizamnamədənkənar və nalayiq davranışları əsas etibarilə müddətli xidmət edən əsgərlər arasında fərariliklə yanaşı, intihar hallarının sayının da sürətlə artmasına səbəb olur. Aparılan araşdırmalar hələ də Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasından əziyyət çəkdiyini göstərir. Zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüz edilməsi, döyülməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb.
Komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları, hərbi qulluqçular tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq edilməsi, zorlama, təcavüz və digər belə hadisələrin törədilməsi ilə bağlı faktların sayı artmaqdadır.
Bundan başqa, orduda şəxsi heyət arasında narkotik maddə qəbuletmə halları da sürətlə yayılmaqdadır və belə maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Məvaciblərin az olması və vaxtında verilməməsi səbəbindən ordunun əmlakı yüksəkrütbəli hərbçilər tərəfindən talan edilərək satılır.
Ermənistan ordusunun üzləşdiyi problemlərdən biri də qarabağlı-ermənistanlı qarşıdurmasıdır. "İravunk” qəzeti yazır ki, hazırda Qarabağ erməniləri ilə Ermənistandan olan ermənilər bir-birilərinə düşmən kimi baxırlar. Vəziyyət o yerə gəlib çatıb ki, hətta Ermənistan ordusunun zabitləri də Qarabağda hərbi xidmətə gəlməkdən imtina edirlər. Bu səbəbdən də cəbhə zonasında çox vaxt postlara qoymağa əsgər tapmırlar.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti