Ukraynalı alim: Ermənistanın Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinə yönəlmiş hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır
Ermənistanın xarici ölkələrdən olan erməniləri işğal edilmiş Dağlıq Qarabağda məskunlaşdırmağa cəhd etməsi təzə məsələ deyil. Ermənistan hökuməti hələ 2013-cü ildən Suriyada müharibədən qaçan Suriya ermənilərini qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində məskunlaşdırmağa çalışır. Bu gün həmin ərazilərə 2020-ci il avqustun 5-də baş vermiş texnogen qəzadan zərər çəkmiş Livan ermənilərini köçürməyə çalışırlar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tarix elmlər namizədi Oleq Kupçik AZƏRTAC-a müsahibəsində bu barədə söhbət açıb.
Onun sözlərinə görə, Ermənistanın bu cür hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Üstəlik, Ermənistan bu hərəkətləri ilə nümayiş etdirir ki, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və beynəlxalq hüquqa uyğun həllinə nail olmaqda iştirak etmək niyyətində deyil.
Tarixçi alim deyib: “Ermənistan hökuməti Suriya və Livan ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu ərazisinə köçürülməsinə yönəlmiş hərəkətləri ilə bu insanları “zərbə altına qoyur”, çünki onların işğal edilmiş regionun ərazisinə gəlməsi və orada yaşaması qeyri-qanuni olacaq. Aşkardır ki, qondarma “DQR”in “vətəndaşlığı” cəfəngiyatdır. Dağlıq Qarabağ regionuna köçürülən Suriya və Livan ermənilərinə Ermənistan Respublikasının vətəndaşlığını veriləcəyi təqdirdə isə Ermənistan hökuməti bu münaqişədə (xatırladıram ki, Ermənistan “DQR”i hələ də rəsmən tanımayıb), onun kələfinin açılmasında və sonradan maliyyə və hərbi-texniki baxımdan dəstəkləməkdə özünün bilavasitə iştirakını göstərən növbəti sübut “təqdim etmiş” olur”.
O.Kupçik deyib ki, Dağlıq Qarabağ regionunun inkişafına, “köçkünlər”in məişətinin və həyat fəaliyyətinin təminatına investisiya yatırmaq üçün Ermənistan hökumətinin maliyyə resurslarının olması barədə söhbət də getmir. Ermənistan hökuməti onu da nəzərə almır ki, planlaşdırılan “köçkünlər”in əksəriyyəti şəhərlilərdir – Suriya və Livan şəhərlərinin kənd yerlərində, xüsusən işğal dövründə zərər çəkmiş və tənəzzülə uğramış regionda yaşamağa öyrəşməmiş sakinləridir.
Aydın məsələdir ki, Ermənistan özü planlaşdırılan “köçürülmə”ni təşkil etmək və maliyyələşdirmək iqtidarında deyil. Aşkardır ki, bu məsələdə ona öz müttəfiqləri kömək edə bilər.