İstanbul Türkiyə-Azərbaycan Dərnəyi Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz olaraq bəyanat yayıb
Son zamanlar işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təxribatlar, o cümlədən Suriyadan sonra Livandan olan ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi cəhdi yolverilməzdir. Artıq uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. İşğal altındakı bu torpaqlarda ermənilər tərəfindən törədilən cinayətlər hər kəsə bəllidir. Dünya ölkələri birləşərək dərhal bu işğala son verilməsini tələb etməli, tarixi Azərbaycan torpaqları geri qaytarılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı yayılmış bəyanatda öz əksini tapıb.
İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlunun imzası ilə yayılan bəyanatda deyilir: “Təəssüflər olsun ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. Beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymayan Ermənistan tarixi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir. Bu qanunsuzluqlardan biri də Suriyadan sonra Livandan olan ermənilərin bu ərazilərə yerləşdirilməsi cəhdidir. Ermənistanın bu hərəkətləri beynəlxalq hüquqa, eləcə də 1949-cu il Cenevrə Konvensiyasına və onun əlavə protokollarına ziddir. Lakin buna baxmayaraq ermənilər öz təxribatçı əməllərindən hələ də əl çəkmirlər. Bəzi xarici qüvvələrin dəstəyi ilə Ermənistan dünyanın gözü qarşısında işğalçı mövqeyini davam etdirir. Bu, yolverilməzdir. Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı edilən bu haqsızlığa göz yumanları şiddətlə qınayırıq. Azərbaycan ərazilərinin işğalı, eyni zamanda, bölgədə sülhü və sabitliyi təhlükə altıda saxlayır. Bu münaqişənin yeganə həlli Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsidir. Onlar bilməlidirlər ki, türk millətinin səbri tükənir, artıq “yetər, bəsdir” deyilən nöqtədəyik”.