“Modern Diplomacy” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Kim Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır?” sərlövhəli məqaləsi dərc olunub.
BMTM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında davam edən münaqişənin genişmiqyaslı humanitar böhrana, insanların məcburi köçkün vəziyyətinə düşməsinə və infrastrukturun məhvinə səbəb olduğu vurğulanıb. Qeyd edilib ki, 1994-cü ildə imzalanan atəşkəs razılaşmasından sonra Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalını davam etdirir.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan diplomatik danışıqlar və bütün təşəbbüslər nəticəsiz olaraq qalır, çünki mövcud status-kvo Ermənistan üçün əlverişlidir. Bunun əsas səbəblərindən biri Ermənistan hakimiyyətinin ATƏT-in və BMT-nin əsas qanun və prinsiplərini pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlər, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməsidir”, - deyə müəllif vurğulayıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə Ermənistanda hökumət dəyişikliyindən sonra bölgədə sülhün və firavanlığın bərqərar olacağına ümid var idi. İyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat münaqişənin yenidən alovlanmasına səbəb oldu. Təəssüf ki, Ermənistan rəhbərliyinin ritorikası və anlaşılmaz hərəkətləri vəziyyəti gərginləşdirir.
Gərginliyi artıran digər amilin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz məskunlaşdırma aparmaları olduğunu deyən müəllif qeyd edib : “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma işləri davam etdirilir. Xüsusən də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilər bu prosesə cəlb olunurlar. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu, şübhəsiz ki, danışıqlar prosesinə xələl gətirir. Münaqişə bölgənin tam inteqrasiyasına mane olur və qlobal layihələri risk altına salır. Azərbaycanın rəsmi mövqeyi münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll edilməsidir. Azərbaycan münaqişənin həlli istiqamətində real və ciddi irəliləyişlər gözləyir”.