Nikol Paşinyanın son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağa səfərləri göstərir ki, erməni separatçısı baş nazir səviyyəsinə hələ də yüksələ bilməyib. Son aylarda hərb meydanında aldığı sarsıdıcı zərbələrdən sonra Ermənistanda etirazların artması və bir sıra siyasi qüvvələrin radikal fikirlər söyləməsi Paşinyanı qorxudub.
Baş nazir son təxribatlarındakı məğlubiyyətini ört-basdır etmək üçün uduzmuş əsgərlərini mükafatlandırıb. Cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərinin mükafatlandırılması, hətta onlardan birinə "Milli qəhrəman” adının təqdim edilməsi iyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.
İşğalçı hərbçilər qarşısında çıxış edən baş nazir Azərbaycana şər-böhtan atıb. Erməni separatçısı Azərbaycanı hərbin qanunlarını pozmaqda ittiham edib. Təbii ki, hətta ermənilərin ayıq olanları belə bu şounun əsl mahiyyətini dərk edirlər. Lakin düşündürən odur ki, özünü münaqişənin həllində vasitəçi hesab edən beynəlxalq təşkilatlar Paşinyanın bu qanunsuz hərəkətlərinə reaksiya vermir. Bu cür ədalətsiz davranışın fonunda münaqişənin həllinə nail olmaq mümkündürmü?
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindədir.
Dağlıq Qarabağa səfərlərin intensiv xarakter alması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını, əksinə, rəsmi Yerevanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağını sübuta yetirir. Ermənistanın baş nazirinin Qarabağa son səfərində işğalçı ordunun və onun nəzarəti altında olan qanunsuz hərbi birləşmələrin obyektlərinə baş çəkməsi bu faşist törəməsinin öz sələflərindən geri qalmadığını sübut edir.
Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində də hallandırılır. Qarabağa intensiv səfərlərini şərtləndirən amillərdən biri də onun ailə biznesini genişləndirmək istəyidir. Belə ki, Paşinyan işğalçı ölkənin sabiq rəhbərliyinə və onların Qarabağdakı əlaltılarına təzyiqləri artırmaqla Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qanunsuz istismarından öz payını götürmək istəyir. Ötən müddət ərzində Robert Koçaryan və Serj Sarkisyana edilən hücumların məqsədi korrupsiyaya qarşı mübarizə deyil, Ermənistanın sabiq hakimiyyətinin əlaltılarının "Sterlite Gold Ltd”, "Sirkap Armenian”, "Base Metals”, "Manex and Valex”, "Armenian Copper Programme”, FDM "Vallex Group” və Azərbaycan torpaqlarını talamaqla məşğul olan bu kimi digər şirkətlərdəki hissələri öz əlinə keçirmək istəyidir. Bu səbəbdən də Ermənistan baş naziri Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı "BeysMetls” (Base Metals CJSC) şirkətinin dağ-mədən kompleksində də olub.
Xatırladaq ki, Ermənistanda yaxşı bilirlər ki, bir dövlət kimi mövcudluqlarının davamiyyəti Azərbaycanla əlaqələrin bərpasından getdikcə daha çox asılı vəziyyətə düşməkdədir. Lakin bunun üçün əsas şərt işğal siyasətinə son qoymaq və Azərbaycanla danışıqlarda daha konstruktiv mövqe nümayiş etdirməkdir. Əks təqdirdə Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdiyi dövrdə bu ölkə ilə hər hansı enerji və nəqliyyat layihələrində birgə iştirak mümkün deyil: "Biz nəsə fövqəladə bir şey tələb etmirik. Biz sadəcə olaraq, Ermənistanın beynəlxalq aləmdə tanınmış hüquq normalarına əməl etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsini və öz hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb edirik”.
Hazırda Ermənistan cəmiyyətində müşahidə olunan əhvali-ruhiyyə, son döyüşlərdə alınan məğlubiyyət fonunda vəziyyət ondan ibarətdir ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə qarşı lüzumsuz müqaviməti uzatmağa ehtiyac yoxdur. Belə hesab edilir ki, Ermənistanın xaricdən asılılığını gücləndirən bu problemin həllinə mümkün qədər tez nail olmaq və bu yolla da ölkənin müstəqil dövlət statusunu qorumaq lazımdır.
Həm Qarabağ ermənilərinin, həm də Ermənistan cəmiyyətinin münaqişənin həllinin uzanmasından narazılıq ifadə etməsi isə rəsmi Yerevanın mövqeyinə təsirsiz ötüşmür. Artan təzyiqlər fonunda Paşinyan cəbhədə təxribatlar törətməklə nə qədər diqqəti yayındırmağa çalışsa da, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi Yerevan daha konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətindədir. Konstruktiv mövqe isə danışıqlar prosesində Azərbaycanın şərtlərini qəbul etmək və işğal olunmuş ərazilərdən Ermənistan hərbi qüvvələrini mümkün qədər tez çıxarmaqdır. Çünki ərazilərimizi işğal altında saxlayanlar da son döyüşlərdən sonra yaxşı bilir ki, daha Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyillər. Xarici havadarlarından hər cür kömək alsalar belə, yenə Azərbaycan Ordusunun qarşısında aciz qalacaqlarını, müharibə başlayarsa, darmadağın olacaqlarını da gözəl anlayırlar.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti