BMT və digər beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etirazlarını bildirməlidirlər
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə konqresdən məlumat verilib.
Bəyanatda deyilir ki, təcavüzkar Ermənistan dövləti əsrlərboyu azərbaycanlılara, ümumilikdə türk dünyasına qarşı düşmənçilik siyasəti yürüdür və mənfur niyyətlərini həyata keçirmək üçün müxtəlif təxribatlar törədir. Suriyadan sonra indi də Livan ermənilərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi erməni düşmənçiliyinin bariz nümunəsidir.
Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan sadə erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür.
“Ermənistan dövləti demək olar ki, dünyanın hər yerindən erməniləri Azərbaycanın işğal altındakı torpaqlarına yerləşdirməyə çalışır. Bu yaxınlarda Beyrutdakı partlayışdan sonra Livandan bu torpaqlara köçlər təşkil edilir. Biz bu yerləşdirmələrin bütün beynəlxalq qanunlara zidd olduğunu bildirir və BMT-dən süni köçlərin dayandırılmasını tələb edirik”, - deyə bəyanatda vurğulanır.
Sənəddə, həmçinin deyilir: “Erməni silahlı birləşmələri və həmin ərazilərə qeyri-qanuni yollarla köçürülənlər Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmalı, beynəlxalq ictimaiyyət bunun üçün təcavüzkar Ermənistana təzyiq göstərməlidir”.