Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti sadəcə bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.
1969-cu ilin iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gələn görkəmli dövlət xadimi ölkəmizdə müqayisəolunmaz bir inkişaf mərhələsinin əsasını qoymuş, respublikamızı müstəqilliyə hazırlayacaq bir sıra əhəmiyyətli iqtisadi, siyasi, ideoloji addımlar atmışdır. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirmişdir. Dahi öndəri dövlət rəhbərindən ali səviyyəli dövlət xadimi səviyyəsinə qaldıran da məhz bu idarəçilik fəlsəfəsi olmuşdur.
Ötən əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.
1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmamış, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilmişdir. Bütün bu proseslər onun göstəricisi idi ki, ulu öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı. Azərbaycanın ən yeni tarixində mürəkkəb proseslərin getdiyi həmin vaxtda qədim Naxçıvan diyarında ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün bu hökmün yəqinliyini ötən dövrdə hər kəsə sübut etdi. Müstəqilliyini yenicə qazanmış bir ölkənin tarixin təlatümlü burulğanından qurtarmaq missiyasının başlanğıcı olan 1991-ci ilin 3 sentyabrı, eyni zamanda milli dövlətiçiliyimizin əsaslarının qoyulduğu, xalqımızın varolma, özünü dünyada təsdiq etmək kimi arzu və amallarının başlanğıc tarixi idi. Sonralar dahi şəxsiyyət bu barədə demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.
Həmin dövrdə qarşıda duran əsas vəzifə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması və şəxsi heyətin çıxarılması təmin edilmişdir. Əhalinin mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünü belə xarakterizə etmişdir: “Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini də ümummilli liderimiz diqqət mərkəzində saxlayırdı. Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyəti təmin olunmuşdur.
Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur.
Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi: respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Xüsusilə vurğulanmalıdır ki, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.
Bəhs olunan dövrdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız və təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Hadisələr kulminasiya nöqtəsinə çatmış, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
Görkəmli dövlət xadimi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Sevindirici haldır ki, bu gün ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqelərini daha da gücləndirir, yeni-yeni nailiyyətlərə imza atır.
Ulu öndərin siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası da bu gün dinamik şəkildə inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. Blokada vəziyyətində olmasına baxmayaraq, qədim diyarımız yeni inkişaf nümunəsi ortaya qoymuşdur. Heydər Əliyev ideyalarına tükənməz sədaqətin nümunəsi olan Naxçıvan bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin etmiş, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmiş, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Ötən dövrdə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində böyük işlər görülmüşdür. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi Naxçıvanın ixrac potensialını artırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində isə Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olmuşdur.
Ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutan Azərbaycan və onun blokada şəraitində olmasına baxmayaraq böyük inkişaf mərhələsinə yüksələn Naxçıvan Muxtar Respublikası ulu öndərin siyasi xəttinin bəhrəsi, Heydər Əliyev yoluna sədaqətin nümunəsidir.