Hulusi Kılıç: Ermənistandan köçmək istəyən əhaliyə mesaj verilər ki, sizin yerinizə gəlmək istəyən ermənilər var
Ermənistandakı demoqrafik problem yerli hakimiyyəti həm narahat edir, həm də bütün zamanlarda olduğu kimi yenə də onlar bu məsələyə qazanc mənbəyi kimi baxırlar. Hazırda Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma cəhdində bu iki amilin hər biri özünü göstərir. Azərbaycanın işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma yolverilməz hadisədir və bu cəhdin qarşısı qəti şəkildə alınmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Ermənilərin hər zaman faciə və fəlakətlərdən öz çirkin məqsədləri üçün istifadə etdiyini xatırladan Hulusi Kılıç deyib: “Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayış Ermənistan dövləti və erməni lobbisi üçün mövcud olan işğal faktı ilə bağlı Azərbaycana qarşı növbəti murdar təxribat fürsətinə çevrilib. Bu tarixin ayrı-ayrı dövrlərində baş verən çoxistiqamətli təxribatların davamıdır. Beynəlxalq hüquq, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı bütün konvensiyalar qanunsuz məskunlaşdırmanı qəti şəkildə qadağan edir. Ona görə də, beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar Livan ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə göz yuma bilməz”.
Erməni mənbələrinə görə, Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən köçdüyünü və bunun əsas səbəbinin sosial problemlər və müharibə xofu olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç vurğulayıb ki, Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirməsi riyakarlığın son həddidir. Səfir hesab edir ki, qondarma rejimin rəhbəri bununla yerli ermənilərə də mesaj verir ki, baxın, siz qaçmaq istəyirsiz, amma bu ərazilərə köçmək istəyənlər də var. Bu köç adı altında erməni lobbisinin dünya ermənilərindən pul yığmaq cəhdi onların öz toplumlarına da sayğısızlıqdır.