“News Blaze” nəşrində erməni təcavüzü və Cənubi Qafqazda sabitliyin pozulması haqqında məqalə dərc olunub
“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin Azərbaycanın Tovuz rayonunda erməni təcavüzünə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının davam etməsinə və üçüncü ölkədən Ermənistana silah göndərilməsinə həsr edilmiş məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda 1990-cı illərin əvvəlində Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasından bəhs edilir. Məqalədə vurğulanır ki, həmin dövrdə Ermənistan üçüncü tərəfin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionuna və yeddi ətraf rayona soxulub, həmin ərazidə etnik təmizləmə aparıb, Azərbaycanın bir milyona yaxın dinc sakinini öz əzəli torpaqlarından qovub.
Müəllif yazır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 nömrəli qətnamələrində erməni işğalının pislənməsinə, Azərbaycanın işğal edilmiş ərazilərindən bütün erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq Ermənistanın təcavüzü davam edir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan Azərbaycanın suveren ərazisinin təqribən 20 faizini hələ də işğal altında saxlayır. O vaxtda 30 ilə yaxın keçməsinə baxmayaraq azərbaycanlı məcburi köçkünlər hələ də bu münaqişənin həllini, onların öz doğma yurdlarına qayıda biləcəyi günü gözləyirlər.
Materialda daha sonra döyüş əməliyyatlarının qızğın vaxtında Ermənistana silah göndərilməsi barədə məlumatlar gətirilir, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbəti zamanı Prezident Əliyevin Rusiya tərəfindən Ermənistana silah göndərilməsi ilə əlaqədar hiddətləndiyi, bu məsələyə aydınlıq gətirilməsinin zəruri olduğunu vurgulaması bildirilir.
Qringer qeyd edir ki, erməni qoşunlarının bu yaxınlarda Azərbaycanın Tovuz rayonunda törətdiyi təxribat “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla davam etdirilməsinə Ermənistanın mane olmaq cəhdi ilə bağlıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində 1 milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq Cənubi Qafqazın ən iri iqtisadiyyata malik olan ölkəyə və Qərbin regionda ən mühüm tərəfdaşına çevrilib.