Misirli ekspert: Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir
Livan ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində misirli ekspert, “Qarabağ: Sülhə aparan yol” kitabının müəllifi Əhməd Abdo Tərabik söyləyib.
Misirli ekspert qeyd edib ki, bu cür addımlar işğalçı dövlətin zəbt etdiyi əraziləri ilhaq etmək planının tərkib hissəsidir. Azərbaycanlı qardaşlarımız qonşu Ermənistanın təcavüzünə məruz qalıblar. Livandan və digər Yaxın Şərq ölkələrindən erməni əhalinin işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsi beynəlxalq hüquq normalarına, 1949-cu il Cenevrə Konvensiyası və onun Protokollarına zidd olduğu kimi, həm də bəşəri dəyərlərin ayaq altına atılması deməkdir. Əzəli Azərbaycan torpaqlarından yerli əhalini didərgin salan, orada qondarma “respublika” elan edən Ermənistan və onun havadarları başa düşməlidir ki, həmin ərazilər mütləq öz sahibinə qaytarılacaq. Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması məhz Ermənistanın təcavüzkar siyasəti nəticəsində müşkül məsələyə çevrilir. Ermənilərin Dağlıq Qarabağda məscidləri və tarixi abidələri məhv etməsi də işğal siyasətinin tərkib hissəsidir. Ermənilərin bu çirkin planının arxasında tarixi saxtalaşdırmaq, gələcək nəsillərin qarşısında Azərbaycana məxsus olan bu torpaqların əsl sahiblərinin olduğunu inkar etmək niyyətləri dayanır.
Beynəlxalq ictimaiyyətin işğal edilmiş ərazilərin qanunsuz məskunlaşdırılması faktlarına biganə yanaşdığını da qeyd edən Ə.Tərabik əlavə edib: “Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının həm Dağlıq Qarabağ, həm də Fələstin torpaqlarının işğalına son qoyulmasına dair qətnamələri kağız üzərində qalıb. Qəribədir ki, işğal faktını tanıyan beynəlxalq təşkilatlar zəbt edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə kəskin reaksiya vermir, bir çox hallarda isə göz yumurlar. Mən öz kitabımda da tarixi mənbələrə əsaslanaraq sübut etmişəm ki, ermənilər bu ərazilərə sonradan köçürülüb və indi belə çıxır ki, süni şəkildə Dağlıq Qarabağda məskunlaşdırılan bir xalq, yəni ermənilər, bütün dünyadakı soydaşlarını sonradan işğal etdikləri həmin torpaqlarda yerləşdirməlidir? Axı bu məsələlər cəngəllik qanunları ilə deyil, beynəlxalq hüququn normaları ilə tənzimlənir. Beynəlxalq ictimaiyyət isə susur. Buna təəssüf etmək lazımdır”.
Ə.Tərabik vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi ərəb ölkələrində daha fəal təbliğ edilməlidir. “Uzun əsrlər boyu ermənilər ərəb ölkələrinə səpələniblər və onların güclü diaspor təşkilatları var. Məsələn, tayfa və dini prinsiplər əsasında idarə edilən Livanda adətən iki, Suriyada isə bir nazir erməni millətindən təyin edilir. Misirdə hökumətdə təmsil olunmasalar da, 10 mindən çox erməni ailəsinin yaşadığı ölkəmizdə onların çoxlu sayda qəzetləri, ictimai rəyə təsir edə bilən professorları, incəsənət xadimləri var. Geniş əlaqələrə malik olan ermənilər Misirdə və digər ərəb ölkələrində özlərinin haqsız, məkrli mövqelərini təbliğ edirlər. Təqdirəlayiqdir ki, Azərbaycanın dostları da ərəb ölkələrində bu məsələlər üzrə daha fəaldırlar. Lakin ərəb, İslam dünyasında erməni yalanlarını ifşa etmək üçün daha çox iş görülməlidir”, - deyə sonda misirli ekspert vurğulayıb.