Nikol Paşinyan nəyə görə arvadını Azərbaycana atəş açmağa göndərib? - FOTOLAR
Yayın son həftəsində Dağlıq Qarabağ münaqişəsi zonasında ən qəribə hadisələrdən biri baş verib: avqustun 25-dən 31-dək Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan başda olmaqla 15 erməni qadın... Azərbaycanın işğal edilmiş ərazilərində hərbi hazırlıq kursu keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vestnik Kavkaza” nəşrində dərc olunmuş “Nikol Paşinyan nəyə görə arvadını Azərbaycana atəş açmağa göndərib?” sərlövhəli məqalə bu mövzuya həsr edilib.
Məqalədə deyilir: “Ermənistan Müdafiə Nazirliyi “könüllü xalq dəstələri” yaradılması barədə məlumat verdiyi gün nəinki heç vaxt əllərində silah tutmamış, üstəlik “Qadınlar sülh tərəfdarıdır” təşkilatının üzvü olan qadınlar Anna Akopyan tərəfindən qeyri-qanuni şəkildə Ermənistandan Azərbaycanın işğal edilmiş torpaqlarına aparılıb.
Beləliklə, Nikol Paşinyanın arvadı ərinin yeni hərbi layihəsinin həyata keçirilməsinə yönəlmiş ilk addımı atmaqla, Azərbaycan rayonlarının işğalının davam etdirilməsi naminə nələr etməyə hazır olduğunu göstərib. Anna Akopyan Kalaşnikov avtomatı və hücum tüfəngi ilə rəftar etməyi mənimsəyib, döyüş taktikasını (onun şəxsi saytındakı rəsmi informasiyaya görə yalnız müdafiə xarakterli döyüşdən söhbət gedir) öyrənib, yaralı işğalçılara ilk yardım göstərilməsi üzrə məşq keçib.
Hərbi aksiyadan daha çox təşviqat aksiyası olan bu tədbirin yekunlarına əsasən, Qarabağın təcrübəli işğalçıları Akopyanın qrupuna “dörd” qiyməti veriblər, çünki “Qadınlar sülh tərəfdarıdır” təşkilatının iştirakçılarından yalnız 5 nəfəri hər hədəfi 15 saniyə ərzində məhv etmək bacarığını “əla” nümayiş etdirə bilib, qalan qadınlar təsəlliverici “müsbət” qiymətinə layiq görülüblər. Azərbaycana qarşı təlim xarakterli təcavüzə görə baş nazirin arvadının hansı qiymət alması barədə onun saytında məlumat verilmir.
Anna Akopyan Azərbaycan qoşunlarına qarşı müharibə aparmaqda məşq etməyə başlamaq qərarını şərh edərək əminliklə bildirib ki, o özü də, “bir çox başqa qadınlar da əllərinə silah götürməyə, lakin bunu müharibə xatirinə deyil, vətənimizin və uşaqlarımızın müdafiəsi üçün etməyə hazırdırlar”. Bununla belə, Akopyan hərbi hazırlığı Ermənistan ərazisində də keçmək mümkün olduğu halda qadınları nəyə görə məhz Azərbaycanın işğal edilmiş torpaqlarına apardığını izah etməyib (yeri gəlmişkən, Qarabağ nə Paşinyanın arvadının vətəni, nə də onun uşaqlarının yaşadığı yerdir).
Bir tərəfdən, bu aksiyanın mənası aydındır: baş nazir vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün öz arvadını rəmzi olaraq qoşunların təmas xəttinə göndərir. Bu halda belə bir aksiyanın əlavə yozumları onu narahat etmir ki, Anna Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla, Azərbaycanın döyüş mövqelərinə və dinc kəndlərinə birinci olaraq atəş açmaqla əslində könüllülər dəstəsinə başçılıq edib. Bu həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox da ümid etmir.
Digər tərəfdən, bu aksiyanı rəsmi Yerevanın digər hərəkətləri ilə bir növ uzlaşdırmağa, məhz Azərbaycan ilə danışıqlar masası arxasına qayıtmaq və Dağlıq Qarabağ münaqişəsini dinc yolla nizamlamaq arzusu barədə bəyanatları ilə əlaqələndirmək istəsək, aksiyanın mənası heçə enir. Burada problem təkcə onda deyil ki, diplomatik prosesə sadiqlikdən dəm vurmaq və eyni zamanda, ölkənin bütün əhalisini döyüş əməliyyatlarına hazırlamaq (beləliklə özünün sülh niyyətində olmasını təkzib etmək) məntiqsizdir. Problem həm də ondadır ki, gözdən pərdə asmaq üçün adi vətəndaşların müharibəyə bu cür hazırlanması Ermənistanın həm hərbi, həm də danışıqlarla bağlı mövqelərinin zəifliyini nümayiş etdirir.
Anna Akopyanın Qarabağda qadınların atəş açmaları barədə, əllərində silah tutan hərbi geyimli qadınların fotoşəkilləri ilə gen-bol müşayiət olunan söhbətinin həqiqi yekunu cinsindən və yaşından asılı olmayaraq Ermənistanın hər bir vətəndaşının Yerevanın işğalçı siyasətini dəstəkləməyə hazır olduğuna deyil, təcavüzkar respublikanın münaqişə zonasında status-kvonu saxlamaq resurslarının tükənməsinə dəlalət edir. Nikol Paşinyan arvadını Azərbaycanda müharibə aparmağa göndərməklə etiraf edib ki, onun nizami orduya ümidi yoxdur və erməni silahının gücündən dəm vurmaqla əslində yenidən öz zəifliyini göstərib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında marağı olan hər kəs bu etirafı eşitdi”.