Paşinyanın ucuz və saxta vətənpərvərlik şousu

Ermənistanın baş nazirinin arvadı Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır

A- A A+

Ermənistanda ordu quruculuğu prosesində yaşanan problemlər baş nazir Nikol Paşinyana qarşı cəmiyyətdə olan narazılığı daha da artırır. Şəxsi heyətin itkisi baxımından qeydə alınan rəqəmlər getdikcə böyüyür. Silahlı qüvvələrin tələb olunan sayda şəxsi heyətlə komplektləşdirilməsində ciddi problem yaşayan Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu kimi xaricdə yaşayan erməniləri hərbi qulluğa cəlb etmək, könüllü dəstələr yaratmaq istəyir.

Buna görə də işğalçı ölkədə "xalq ordusu” adlı bir formatın reallaşdırılmasına dair bir niyyət ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Ermənistanın cəbhədə törətdiyi sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti lazımi səviyyədə deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar.

Nikol Paşinyan vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün həyat yoldaşı Anna Akopyanı rəmzi olaraq qoşunların təmas xəttinə göndərib. Anna Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla, Azərbaycanın döyüş mövqelərinə və dinc sakinlərinin yaşadığı kəndlərinə birinci olaraq atəş açmaqla əslində könüllülər dəstəsinə başçılıq edir. Bu həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox da ümid etmir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının Qarabağdakı hərbi təlimlərə qatılması, əlində avtomatla şəkillər çəkdirməsi nəinki dünyada, hətta Ermənistanın özündə belə gülüş doğurur. Çünki hər kəsə aydındır ki, Anna Akopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur.

İtaliyanın "Eurasianews” xəbər portalında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bu dəfə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qismində həyata keçirdiyi təxribatlarla bağlı "Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı yazı dərc olunub. Qeyd olunur ki, son iyul hadisələrindən sonra hazırda Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində və hər iki ölkənin qoşunları arasında təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmamasına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatedici məqamlar mövcuddur. Bildirilir ki, son aylar mətbuatda öz əri ilə birlikdə iqtisadi-maliyyə maxinasiyaları ilə məşhur olan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2018-ci ildə regionda sülhün müdafiəçisi kimi özünü təqdim edir və azərbaycanlı qadınları da "Sülh uğrunda qadınlar” kampaniyasına qoşulmağa dəvət edirdi.

Lakin cəmi il yarımdan sonra həmin Anna Akopyanın özünün "sülhpərvər qadınları” ilə birlikdə Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə xəbərlər yayılır. O, sülhə çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq, qadınları həmçinin silahlardan istifadə etməklə Dağlıq Qarabağı müdafiə etməyə dəvət edir.

Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: