AŞPA komitəsinin iclasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsi qaldırılıb
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞPA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.
İclasda Ermənistan nümayəndə heyətindən də deputatın olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə baxmayaraq, Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.