BMT portalları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dair məqalə yayıb - FOTOLAR
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Cenevrə İnsan Haqları ofisindəki nümayəndəsi Osman Əl Haccın Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məqaləsi Cenevrədə nəşr olunan “Diva Diplomat” və dünyanın bir çox ölkələrində yayılan “Qlobal Beynəlxalq Diplomat” jurnallarında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə BAMF-in prezidenti Umud Mirzəyev məlumat verib.
O bildirib ki, 2002-ci ildən nəşr edilən “Qlobal Beynəlxalq Diplomat” jurnalı diplomatların, dünyanın məşhur insanlarının, bankirlər, Xarici İşlər nazirləri, beynəlxalq təşkilatlar, qeyri hökumət təşkilatları, iş adamları, incəsənət nümayəndələrinin fikirlərinin yer aldığı beynəlxalq dərgidir. Jurnal BMT-nin Cenevrə, Nyu-York və Paris qərargahları daxil olmaqla bütün ofislərində ingilis, ispan və fransız dillərində çap olunur.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymaması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını kobud şəkildə pozması, etnik təmizləmə ilə bağlı hüquqi təhlillər yer alıb. BAMF-in nümayəndəsi Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki təxribatına da beynəlxalq hüququn kobud şəkildə pozulması prizmasından yanaşır, dünya ictimaiyyətini, BMT qurumlarını və BMT Təhlükəsizlik Şurasını beynəlxalq hüququn normalarının pozulmasına səssiz qalmamağa çağırır.
“Ermənistanın təcavüzü ilə əlaqədar qəbul edilmiş BMT qətnamələrinə bu ölkənin məhəl qoymamasını qurumun Nizamnaməsinin 2 və 3-cü maddələrinin, eləcə də beynəlxalq humanitar hüququn əsas müddəalarının kobud şəkildə pozulması, BMT sisteminə hörmətsizlik hesab edirəm. Artıq dünya ictimaiyyətinin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və humanitar hüquqa hörmət etməsi üçün Ermənistana təzyiqlər göstərməsinin vaxtı çatıb”, - deyə Osman Əl Hacc qeyd edib.