Sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin videokonfrans formatında iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini bildirib. O, Ermənistanın iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib. Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunan T.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.
T.Gəncəliyev, həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinası ilə bir daha öz təsdiqini tapdığını qeyd edib.
Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu vurğulayan deputat bu ölkənin beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edib. O, münaqişə ilə bağlı BMT-nin qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.