Ermənistan Qarabağda yeni təxribat hazırlayır
Paşinyan beynəlxalq hüququn norma və prinsiplərini tapdalayır
Bu gün Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin münaqişənin danışıqlar vasitəsilə həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.
Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, tam əksinə, hər vəchlə vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Ermənistanda iki il bundan öncə hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn yeni qüvvələrin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe təkcə Azərbaycanda yox, həm də beynəlxalq ictimaiyyətdə ciddi narazılıq yaratmaqdadır.
Xüsusən də baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa səfərlərinin intensiv xarakter daşıması, işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını davamlı şəkildə gündəmə gətirməsi sülh prosesinin üzərindən xətt çəkir.
Hətta qondarma Dağlıq Qarabağ respublikasının (DQR) paytaxtı Stepanakertə gələrək, yerli hərbi rəhbərliklə görüş keçirdikdən sonra Paşinyan "Bu gün Qarabağ Müdafiə Ordusunun qərargahında keçirilən müşavirə zamanı biz hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin düşmənin qarşısını almaq mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik” - deyə "Facebook” səhifəsində bildirib. Bütün bunlar eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.
Rusiyanın "Nezavisimaya qazeta” qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun sonunda Dağlıq Qarabağa səfər edib. Onun qondarma "respublika”nın prezidenti Araik Arutyunyanla görüşü keçirilib və tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər.
Bu, Ermənistan və Azərbaycan arasında davam edən hərbi qarşıdurma fonunda baş verib: toqquşmalar iyul ayındakı kimi kəskin olmasa da, vaxtaşırı atəş və təxribat xarakterli hücumlar baş verir. Bununla belə, səfər Azərbaycan tərəfi üçün həssas bir gündə - avqustun 30-da Qubadlı rayonunun işğalı günündə reallaşıb. Eyni zamanda Yerevan Rusiyanı və KTMT-nin digər ölkələrini öz tərəfindən münaqişəyə cəlb etməyə çalışır. Lakin bu günə qədər bu cəhdlər uğursuzluqla nəticələnib.
Xatırladaq ki, iyulun ortalarında Ermənistan-Azərbaycan dövlət sərhədində döyüşlər baş verib. Atışma bir neçə gün davam edib və çox sayda insan tələfatı ilə nəticələnib. İndi vəziyyət sakitləşib, amma gərginlik davam edir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirildiyi kimi, avqustun 23-ü səhər Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhə xəttini keçməyə cəhd göstərib. Rəsmi Bakının məlumatına görə, erməni təxribat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan döyüş zamanı əsir götürülüb.
Paşinyanın Dağlıq Qarabağa səfərləri bu formatda dialoqa çətin ki, şərait yaradar. Onun özünün dolayı səbəbləri ola bilər. Koronavirus pandemiyası fonunda Ermənistandakı iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyasət aparmağa məcbur edir. Hətta iş o yerə çatıb ki, Nikol Paşinyan vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün həyat yoldaşı Anna Akopyanı rəmzi olaraq qoşunların təmas xəttinə göndərib. Anna Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla, Azərbaycanın döyüş mövqelərinə və dinc sakinlərinin yaşadığı kəndlərinə birinci olaraq atəş açmaqla, əslində, könüllülər dəstəsinə başçılıq edir. Bu, həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox da ümid etmir.
Bununla bərabər, Ermənistanda ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif "Vətən” partiyasının lideri Artur Vanetsyanın güclənməsi müzakirə olunur. Hesab edilir ki, o, Rusiyanın müəyyən dairələri tərəfindən dəstəklənir. Vanetsyan bu yaxınlarda erməni müxalifətinin geniş danışıqları barədə xəbər verib. Yeganə məqsəd Paşinyan hakimiyyətindən mümkün qədər tez yaxa qurtarmaqdır. Bütün bunlar qonşu respublika ilə münaqişədə getdikcə daha düşüncəsiz hərəkətlərə yol verən erməni rəhbərliyini açıq-aşkar qıcıqlandırır.
Hazırda Ermənistan cəmiyyətində müşahidə olunan əhvali-ruhiyyə ondan ibarətdir ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə qarşı lüzumsuz müqaviməti uzatmağa ehtiyac yoxdur. Belə hesab edilir ki, Ermənistanın xaricdən asılılığını gücləndirən bu problemin həllinə mümkün qədər tez nail olmaq və bu yolla da ölkənin müstəqil dövlət statusunu qorumaq lazımdır. Həm Qarabağ ermənilərinin, həm də Ermənistan cəmiyyətinin münaqişənin həllinin uzanmasından narazılıq ifadə etməsi isə rəsmi Yerevanın mövqeyinə təsirsiz ötüşmür. Artan təzyiqlər fonunda artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi Yerevan daha konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətindədir. Konstruktiv mövqe isə danışıqlar prosesində Azərbaycanın şərtlərini qəbul etmək və işğal olunmuş ərazilərdən Ermənistan hərbi qüvvələrini mümkün qədər tez çıxarmaqdır.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti