Müxalifət “Nikolsuz Ermənistan” etiraz kampaniyasına başlayır
İşğalçı ölkədə ictimai-siyasi vəziyyət daha da gərginləşir
Bu ilin ötən dövrü ərzində pandemiya fonunda Ermənistanda sosial-iqtisadi müstəvidə vəziyyətin daha böyük sürətlə pisləşməsi müşahidə edilməkdədir.
Erməni mediası yazır ki, real vəziyyət Nikol Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir. Yazılır ki, ötən dövr ərzində baş nazir xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan acınacaqlı vəziyyətdə yaşayır. Bunun real təsdiqi kimi qeyd olunur ki, son iki ildə Emənistanda korrupsiya faktları dəfələrlə artıb.
Bildirilir ki, korrupsiya nəticəsində hakimiyyət təmsilçilərinin var-dövləti artdığı halda, sadə əhalinin güzəranı daha da pisləşib. Ermənistanın borcları sürətlə artır, əhalinin rifahı aşağı düşür, ölkənin xarici iqtisadi asılılığı güclənir. Məlum olur ki, Ermənistan qarşıdakı dövr ərzində də sosial, siyasi və iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək. Bunun, həmçinin əsas səbəbi müxalifətin Nikol Paşinyana qarşı birləşməsidir.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Nikol Paşinyan bu yaxınlarda tərəfimizdən hazırlanan "Nikolsuz Ermənistan” və "Nikoldan sonra Ermənistan” tezislərini qəbul etməkdə çətinlik çəkir: "Ümumiyyətlə, mövcud hakimiyyət orqanları başa düşürlər ki, ictimai mühitdə dərinləşən puç xəyallar, artan sosial-iqtisadi problemlər və xarici siyasət çağırışları daxili gərginlik ehtiyatı yaradır. Hansı ki, bu, hər hansı bir bəhanə ilə siyasi proseslərin kaskad mexanizminə çevrilə və bununla da "Nikolsuz Ermənistan” layihəsi həyata keçə bilər”.
Aşotyan deyib ki, bu fonda partiyanın institusional, insan və beynəlxalq resurslarının səfərbər edilməsi daxil olmaqla, müxalifətin hər cəbhədə fəallaşması Paşinyanı narahat etməyə bilməz.
Necə oldu ki, 2017-ci il qanuni seçkilərdən bir neçə ay sonra Nikol insanları yalançı bir gündəmlə küçələrə çıxara, hakimiyyəti ələ keçirə bilir. Bunu "Zorakı olmayan məxməri inqilab” adlandırır və "demokratiya qalası” elan edir. İndi isə Paşinyan müxalifətin taktikasına "antidemokratik” don geyindirməyə çalışır? Nə vaxtdan bəri o, demokratiyanın alfa və omeqasına çevrilib, bizə və cəmiyyətə demokratiya dərsi verməyə nə cürət edir? Küçədən gələn təbii ki, elə küçə yolu ilə çıxıb gedəcək.
Ölkədə dərinləşən sosial-iqtisadi böhran hazırda Paşinyanın əleyhinə işləyən əsas məqamlardan biridir və siyasi qüvvələr onun əleyhinə yönələcək digər arqumentlərdən də yararlanmağa çalışırlar. Belə məqamlardan biri də silahlı qüvvələrdə yaşanan problemlərdir. Ermənistanda bir qrup insan haqları müdafiəçiləri orduda baş alıb gedən özbaşınalıqlar və qeyri-döyüş itkilərini məhz belə bir vaxtda yenidən gündəmə gətirirlər.
"4rd.am” saytı yazır ki, Ermənistan ordusunda cəzasızlıq mühiti hökm sürür. Bir neçə gün əvvəl orduya yeni getmiş çağırışçı əsgərin özünü hərbi hissənin pəncərəsindən atması insidenti xatırladılıb. Vurğulanıb ki, bu məlumat sosial şəbəkələrdə yayılanda Müdafiə Nazirliyi əsgərin xidmət etmək istəmədiyinə görə özünü atdığını bildirdi. Amma belə deyil: "Hüquq müdafiəçiləri dərhal həmin əsgərin ailəsinə baş çəkdi, amma məlum oldu ki, bu deyilənlər yalandır. Həmin gənc orduya böyük həvəslə gedib. Orada onun başına nə oyun açıblar, məlum deyil. Bu, onu göstərir ki, Müdafiə Nazirliyi belə insidentlərin üstünün açılmasında maraqlı deyil. Qoy ictimai müzakirələr başlatsınlar, aydınlaşdırsınlar ki, çağırışçını bu vəziyyətə gətirib çıxaran səbəblər nədir. Bu insident bir daha göstərir ki, orduda cəzasızlıq atmosferi hökm sürür”.
Ötən ilin dekabrında naməlum şəraitdə ölmüş yezidi müddətli hərbi qulluqçu Artur Acamyanın yaxınları isə Ermənistan hökuməti və parlamenti qarşısında etiraz aksiyası həyata keçiriblər. Anası Qohar Feroyan 9 aylıq mübarizədən sonra yeganə oğlunun ölüm səbəblərini müəyyənləşdirməyi tələb etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etmək qərarına gəlib.
Əsgər anası deyib ki, iki ay əvvəl Andranik Koçaryanla görüşmək üçün Ermənistan parlamentinə gedib, lakin deputat onu qəbul etməyib, hətta telefon zənglərinə cavab verməyib. Vurğulayıb ki, hazırda görüşmək və məsələni qaldırmaq istədiyi yeganə insan Ermənistanın baş naziridir: "Mən oğlumun niyə öldüyünü mənə söyləmələrini istəyirəm, səbəbini öyrənmək istəyirəm, niyə? Baş nazirin məni qəbul edib-etməyəcəyini, görüşüb-görüşməyəcəyini bilmirəm, amma bunun üçün addımlar atacam. Siçovullarla yaşayıram, qarşıda qış var, uşağımın şəkillərini götürüm hara gedim, nə edim? Heç olmasa bir otaq olsun, uşağımın şəkillərini yağışdan qoruyum”.
Qeyd edilənlər pandemiya dövründə Paşinyan iqtidarının əleyhinə işləyən əsas faktorlar sırasında yer alır. Ermənistan daxilində son vəziyyətin təhlili burada hakimiyyətə qarşı narazılığın daha da artdığını göstərir. Proseslərin gedişi Nikol Paşinyan iqtidarının fərqli qüvvələrlə əvəzlənməsini istisna etmir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti