Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla mövcud status-kvonun qorunub saxlanmasına çalışıb. Yəqin hər kəs xatırlayır ki, Rambuye görüşlərində danışıqlar zamanı çıxılmaz vəziyyətə düşən Robert Köçəryan qarınağrısı bəhanəsi ilə qaçmışdı. İndi də Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir. Gah “Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperlə Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu, terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam, dünən dediyini bu gün təkzib edir.
Bu fikirləri NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Livandan, Suriyada terrorçu keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. “Əlbəttə ki, bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə konvensiyalarını pozur. Çünki müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”, - deyə baş redaktor bildirib.
Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susmasının anlaşılmaz olduğunu qeyd edən Vüqar Rəhimzadə deyib: “Ermənistanın Livandan və Suriyadan erməniləri Qarabağa köçürməsinin faktları da artıq sosial şəbəkələrdədir. Fotolar, videolar vasitəsilə sübut olunub ki, Livandan və Suriyadan köçürülmüş, xüsusi döyüş təlimi keçmiş ermənilər Şuşada və işğal olunmuş başqa ərazilərimizdə yerləşdiriliblər. Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir”.