Əcnəbilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Qarabağın statusuna dair keçiriləcək referendumun nəticələrinə təsir göstərmək məqsədi daşıya bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti Aleksey Femenko söyləyib.
O deyib ki, Livan ermənilərinin Qarabağa köçürülməsi beynəlxalq hüquqa ziddir. Ermənistanın işğal etdiyi ərazilərin etnik tərkibini dəyişmək hüququ yoxdur.
Erməni tərəfinin dəfələrlə Qarabağın hüquqi statusunu müəyyən etmək üçün referendum keçirmək təklifi irəli sürdüyünü və indi də əhalinin tərkibini dəyişməyə cəhd göstərdiyini qeyd edən politoloq bildirib: “Livan ermənilərinin Qarabağa köçürülməsi referendumun nəticələrinə, təbii ki, Ermənistanın xeyrinə təsir göstərəcək. Heç bir beynəlxalq sənəd Ermənistana belə hüquq vermir”.
Ekspert vurğulayıb ki, bu cür yanaşma Ermənistanın sülh danışıqlarına münasibətini əks etdirir. Paşinyan hökuməti sülh prosesini hər vəchlə əngəlləyir. Paşinyanın strateji xətti münaqişənin dinc yolla həllinə yönəlmiş bütün razılaşmalardan imtina etməkdir. Ermənistan Vyanada və Sankt-Peterburqda əldə edilmiş razılaşmalardan imtina edib. “Heç bir nizamlama planı təklif etməyən Ermənistan indi də Qarabağın etnik tərkibini dəyişir. ATƏT-in Minsk qrupu bu fakta diqqət yetirməlidir. Əgər Minsk qrupu heç bir tədbir görə bilməsə, bu, onların vəzifələrinin öhdəsindən gəlmədiklərinin daha bir sübutu olacaq”, -deyə A.Femenko vurğulayıb.