Misirin “Rayetmisr”, “Əlvəsilə”, “Əlhvar”, “Aldiplomasy”, “Emeknes”, “Alhayaynews”, Qalyubiyanews” informasiya portalları Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi cəfəng fikirlərlə bağlı açıqlamasını yayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açıqlamada həmin fikirlərin yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsi olduğu qeyd olunur. Həmçinin bildirilir ki, dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobuslarının, qatarların və Bakıda metro stansiyasının partlayışı ilə müşayiət olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonyan kimilərinin nümunəsində özünü göstərir.
Misir ictimaiyyətinə məlumat verilir ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub. Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyyatdan başqa bir şey deyil.