Ermənistanın şansı azalır

ATƏT-in Minsk qrupunun mövcud formatı saxlaması münaqişənin həllini uzadır və Qarabağda erməni işğalını davam etdirir

A- A A+

Azərbaycan bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olub və bunun üçün də qarşı tərəfə imkan yaradıb. Amma Ermənistan ona verilən şansdan hələ də düzgün istifadə edə bilmir və prosesləri savaşa doğru sürükləyir. Görünən odur ki, işğalçı ölkə ərazilərin azad edilməsi ilə nəticələnəcək hərbi variantla üzləşəcək.

Hadisələrin bu axarda inkişafını qaçılmaz edən daha bir faktor münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun indiyə qədər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmamasıdır.

Rusiyalı politoloq Qriqori Trofimçuk da məsələyə eyni prizmadan yanaşır: "Qrup buna qədər danışıqların gedişatına və sürətinə təsir göstərə bilməyibsə, o zaman çətin ki, eyni tərkibdə yaxın gələcək və strateji perspektiv üçün yeni bir şey təklif edə bilsin. Məsələn, bir mütəxəssis kimi hesab edirəm ki, hansısa səbəbdən qrupun tərkibini dəyişdirmək mümkün deyilsə, heç olmasa, bu danışıqlar masasının ətrafında olan mütəxəssislər dairəsi genişləndirilməlidir.

Hər bir halda danışıqların sürətlənməsinə və konkretləşdirilməsinə kömək edə biləcək təklifləri nəzərdən keçirmək lazımdır. Ancaq ATƏT-in Minsk qrupunun qarşıdakı səfərlərində buna yaxın belə şeylərin olmadığı məlum olarsa, Azərbaycan artıq bu strukturla belə uzunmüddətli rejimdə danışıqları davam etdirməyə dəyib-dəymədiyinə qərar verməlidir. Bəlkə də yalnız Qarabağ məsələsinə baxılmasını sürətləndirmək üçün yox, həm də ATƏT-in Minsk qrupunun bu cür fəaliyyətsizliyi nəticəsində bütün bölgənin partlamaması üçün bəzi başqa variantları təklif etməsi məqsədilə birbaşa BMT-yə müraciət etmək lazımdır”.

Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır və qurumun indiyə qədər olan fəaliyyəti sadəcə, status-kvonun qorunub saxlanılmasına xidmət edib. Təbii ki, bundan razı qalan yalnız Ermənistandır. Təsadüfi deyil ki, bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın mətbuata müsahibəsində xüsusi razılıq edir. O, Minsk qrupunun fəaliyyətini tərifləyir və danışıqların məhz bu formatda davamını vacib sayır. Bu da təsadüfi deyil. Çünki bu formatın saxlanılması münaqişənin həllinin uzanmasına və Qarabağda erməni işğalının davam etməsinə gətirib çıxarır. Elə bu səbəbdən Minsk qrupunun fəaliyyəti uzun müddətdir ki, Azərbaycan ictimaiyyəti tərəfindən çox sərt tənqidə məruz qalır.

Rəsmi Bakı aparılan danışıqların heç bir mənasının olmadığını, Minsk qrupunun öz mandatına, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, işğal olunmuş ərazilərin azad olunması ilə bağlı heç bir ciddi səylər göstərmədiyini vurğulayır. Bu halda Bakı Minsk qrupunun formatında dəyişiklik olmasını, qrupa üzv digər ölkələrin də prosesdə aktiv iştirakını istəyir.

Hazırda Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanla mənasız danışıqlar aparmaq niyyətində deyil. Danışıqların davamını istəyən Minsk qrupunun isə nəticə üçün Ermənistana təsir etməsi vacibdir. Belə təsirin olmasını şərtləndirən məqamlardan biri Türkiyənin vasitəçi qismində prosesə cəlbidir.

Türkiyə Minsk qrupunun üzvlərindən biridir və prosesə vasitəçi kimi qatılması vəziyyəti tamam dəyişə, danışıqlarda nəticənin əldə edilməsinə gətirib çıxara bilər.

Ekspertlər hesab edir ki, Minsk qrupunun üzvü olan Türkiyənin bu məsələdə daha fəal olması qurumun indiki həmsədrlərini narahat etməli deyil. Çünki Minsk qrupu özü də anlayır ki, onun səyləri heç bir nəticə vermir və artıq format dəyişikliyinə ehtiyac var. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Minsk qrupunda aktiv vasitəçi olaraq iştirak etməsi indidən Ermənistanda top-tüfənglə qarşılanır. Z.Mnatsakanyan "İnterfaks” agentliyinə müsahibəsində Türkiyənin vasitəçiliyinə qarşı çıxıb və Ankaranı regionda destabil vəziyyət yaratmaqda ittiham edib. Halbuki, Türkiyə hər zaman Cənubi Qafqazda sabitliyin və sülh şəraitinin təmin olunması üçün fəaliyyət göstərib.

Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan qeyd edir ki, Bakı Ankaranın yardımı ilə Qarabağ münaqişəsini ya sülh, ya da hərb yolu ilə çözəcək. Bu səbəbdən o, Yerevanın Türkiyə amilinə daha çox diqqət yetirməsini vacib sayır: "Regionda Azərbaycan-Türkiyə faktoru güclənir. Azərbaycan Türkiyə ilə indi çox aktiv şəkildə hansısa əməliyyatlara hazırlaşır. Ermənistan üzləşdiyi bütün təhlükəsizlik problemlərini yaxşı başa düşməli və bunlara qarşı çıxmağa hazır olmalıdır. Amma bu gün Ermənistanın belə imkanları getdikcə məhdudlaşır”.

Qarabağdakı qondarma qurumun sabiq "nümayəndəsi” Tiqran Abrahamyan isə bildirir ki, Bakı və Ankara erməni diasporunun sıradan çıxarılması və birgə təbliğat sahəsində də önəmli addımlar atır: "Məsələn, Türkiyə və Azərbaycan ortaq media platforması yaradır, rəsmi açıqlamalara görə, bunun məqsədi təhlükəsizlik sahəsinin təhdidləridir”. O qeyd edib ki, Türkiyə-Azərbaycan ortaq media platforması Ermənistan və diaspor üçün böyük cəbhə açır.

Xatırladaq ki, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbul səfərində diqqət mərkəzində yer alan məqamlardan biri məhz ortaq media platforması yaradılması olub. Hikmət Hacıyevin vurğuladığı kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlıq hər iki ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyası ilə mübarizədə əhəmiyyətli rol oynayacaq.

Ancaq bu da məsələnin hamısı deyil. Belə ki, Türkiyə-Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə, özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Bu isə təbii ki, yalançı erməni təbliğatına qarşı daha böyük cəbhə formalaşması deməkdir. Azərbaycan-Türkiyə əməkdaşlığı fonunda Ermənistanı narahat edən əsas məqamlardan biri də budur.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: