Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ərzində müəyyən qərarlar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilib. Nazirlər Kabinetinin 155 nömrəli Qərarına əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilib. Həmçinin “Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərar qəbul edilib. Qərara əsasən muxtar respublikaya idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır.

Adıçəkilən qərarlarla yanaşı, 2 sentyabr tarixli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Qeyd edək ki, bu qaydalar Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və qeydiyyata alınmış subyektlərin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eləcə də “Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərar qəbul edilib. Bu qayda mülkiyyət formasından asılı olmayaraq, AZS Milli Sertifikatlaşdırma Sistemində qanunvericiliklə müəyyən olunan qaydada akkreditasiya edilən qurumlar, həmçinin sistemin üzvləri, iştirakçıları və sahibkarlıq fəaliyyətinin subyektləri olan idarə, müəssisə və təşkilatlar üçün məcburidir. Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunan tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır.

Nazirlər Kabinetinin 159 nömrəli Qərarına uyğun olaraq “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə Naxçıvan Muxtar Respublikasında dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin muxtar respublikaya gətirilməsi və muxtar respublika daxilində daşınması Qaydaları” təsdiq edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda da dəyişiklik edilib. Nazirlər Kabinetinin 10 sentyabr tarixli 161 nömrəli Qərarına uyğun olaraq “Xüsusi karantin rejimi dövründə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Qaydaları” təsdiq olunub.

Adıçəkilən qərarlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ərzaq payı ilə təmin olunan vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: