Ermənistanda xaotik vəziyyət: dövlət borcu və işsizlik artır

Pandemiya fonunda işğalçı ölkənin iqtisadi tənəzzülü daha da sürətlənir

A- A A+

Pandemiya fonunda sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Buna əsas səbəblərdən biri isə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra sosial-iqtisadi vəziyyətin düzəlməsi əvəzinə daha da ağırlaşmasıdır. Ermənilər sosial şəbəkələrdə bəyan edirlər ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək.

Getdikcə daha gərgin xarakter almağa başlayan ictimai-siyasi vəziyyət koronavirus pandemiyası fonunda ölkədə həm də xaotik durum formalaşdırmağa başlayır. Qeyd olunur ki, əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətləri gündən-günə artır, inflyasiya həddi, işsizlik göstəriciləri yüksəlir.

Elə bunların nəticəsidir ki, işğalçı ölkədə iqtisadi durum getdikcə daha da ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,7 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu bildirib.

Ermənistanın Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə alaq ki, işğalçı ölkənin cari il üçün dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət büdcəsindən 2 dəfədən çoxdur. Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.

Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İcevan şəhərində yerli sakinlərlə görüşündə bildirib ki, hökumətin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir: "Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər. Səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı”. Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb.

Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib. Bildirib ki, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir: "Bizim aclıqdır deməyimiz mağazalarda bu və ya başqa ərzaq mallarının olmaması demək deyil. Həmin malları almaq üçün əhalinin pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı ötən illə müqayisədə 15-20 faiz azalıb. Daha doğrusu, əhali pulsuzluqdan ehtiyacı olan malları əldə edə bilmir”.

Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsinin (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə paylaşdığı materialda da qeyd olunub ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-in 42 faizi civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb.

Ermənistanda qeyd olunur ki, Paşinyanın başçılıq etdiyi hökumət ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün heç bir addım atmır. Baş nazir təyin olunduğu gün Ermənistandakı iqtisadi vəziyyəti "çox ağır” qiymətləndirən Paşinyan real iş görməkdən uzaqdır. Cəmiyyət xəstədir, ac qalıb. Ölkə boşalır - imkanı çatan Ermənistanı tərk edir. Bu vəziyyətə qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək, korrupsiyanın kökünü kəsmək əvəzinə Ermənistan hakimiyyəti populist çıxışlarla məşğuldur.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: