DTX: Suriyada qanunsuz silahlı dəstələrin tərkibində iştirak etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DTX-nin ictimai əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.
Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.