Pandemiya Paşinyan iqtidarını çökdürür
Müxalifət hakimiyyətin koronavirusa qarşı mübarizədəki fəaliyyətini ifşa edir
Koronavirus pandemiyası Ermənistanda ciddi problemlər yaratmaqda davam edir. Bu vəziyyət hakimiyyətdən narazılığı artırdığı üçün iqtidar indi eyforik durumdadır. Elə bu səbəbdən də günahkar axtarışındadır.
Nikol Paşinyanın rəhbəri olduğu "Mənim addımım” fraksiyasından olan deputat Lena Nazaryan günahı bu durumda müxalifətdə axtarmağı məsləhət görür: "Ermənistan hökuməti və komendant ofisi tərəfindən yeni növ koronavirusun yayılmasının qarşısını almaq, virusun alovlanmasının nəticələrini yumşaltmaq və aradan qaldırmaq üçün görülmüş tədbirlərin səmərəliliyinin yoxlanılması üçün parlament istintaq komissiyası həm də müxalifətin fəaliyyətini araşdırmalıdır”. Nazaryanın sözlərinə görə, müxalifət nümayəndələri dəfələrlə ziddiyyətli bəyanatlarla çıxış ediblər və əhalinin koronavirus təhlükələrinə ciddi yanaşmasını faktiki olaraq dayandıran fakta töhfə veriblər.
"İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan qeyd edib ki, Nazaryanın səsləndirdiyi məlumatlar reallığa uyğun gəlmir: "Mənim addımım” Ermənistanda koronavirusa qarşı mübarizənin uğursuzluğunda müxalifətin günahını axtarmağa qərar verib”.
Müxalifət hakimiyyətin yaşlı elm adamlarına qarşı da bu fonda fəaliyyətini tənqid edir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan universitetlərinin rektorları ölkənin səhiyyə naziri Arsen Torosyanın əmrindən sonra yaranmış çətin vəziyyətdən necə çıxmağı müzakirə edirlər. Bildirilir ki, nazirin əmri ilə bütün ali məktəblərdə və orta təhsil müəssisələrində yaşı 65-dən çox olan işçilərini işdən çıxarmaq və onların yerinə gənc mütəxəssislər təyin etmək tapşırılıb. Bundan əlavə, rektorları , müəllimləri və tələbələri təhsil müəssisəsinə getmək hüququndan məhrum etmək üçün bir və ya iki gün ərzində onların siyahısını tərtib etmək göstərişi verilib. Əks təqdirdə təhlükəsiz şəraitin yaradılması üçün məsuliyyəti rektor daşıyacaq.
Həmçinin qeyd edilir ki, Torosyan əvvəlcə məsələni təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, maliyyə naziri Atom Janjudqazyan ilə müzakirə etməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək "News.am” nazirin əmrinin əməkdar müəllimləri və nüfuzlu alimləri bu sahədən sıxışdırmaq məqsədi daşıdığını bildirib.
Pandemiya fonunda səhiyyə sisteminin müqavimət göstərməməsi, kadr potensialının və iqtisadi resursların azlığı səbəbindən Ermənistanın daha pis duruma düşməsi gözlənilir. Ermənistan hakimiyyəti mövcud vəziyyətlə bağlı çıxış yolları axtarır, bununla bağlı kreditorlara müraciət olunur. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fonduna, eyni zamanda da Avropa Yenidənqurma və İnkişaf Bankına yardımlarla bağlı müraciət edib. Amma istənilən cavab olmadığından vəziyyət pisləşir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti