Misirin “Cairo.24” informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından bəhs edən “Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər” sərlövhəli geniş məqalə yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun dünyanın geosiyasi xəritəsində əhəmiyyəti vurğulanır, burada cərəyan edən ən mürəkkəb proseslərin isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində getdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, problemin mahiyyəti BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın işğal etdiyi torpaqlarla bağlı sənədlərində öz əksini tapıb. Münaqişənin yüksək beynəlxalq səviyyədə nizama salınması istiqamətində səylər isə işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermir. Mövcud vəziyyət Ermənistanın təcavüzkar və ekspansionist siyasəti davam etdirməsi ilə daha da mürəkkəbləşir.
Məqalədə bildirilir ki, artıq Ermənistan əsas bazası Beyrutda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı hərbi təxribatlarda istifadə etməyi planlaşdırır.
Rusiyanın da Ermənistana xeyli silah göndərdiyi qeyd olunan məqalədə vurğulanır ki, Ermənistan hökumətinin terrorçu qruplaşmalarla birlikdə törədə biləcəyi hərbi təxribatlar bütün region üçün ağır fəsadlara səbəb ola bilər.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür.