Ermənistanı sarsıdıcı zərbələr gözləyir

Paşinyan hakimiyyəti daxili qeyri-sabit vəziyyəti kompensasiya etmək məqsədilə Qarabağ kartından sui-istifadə edir

A- A A+

Ermənistan iqtidarının siyasəti üzündən Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır, eyni zamanda, regionda təhlükəsizliklə bağlı təhdidlər artır. Bu ondan irəli gəlir ki, ölkənin rəhbərliyi hələ də reallığı lazımınca dərk edə bilmir.

Daha bir vacib məqam odur ki, Paşinyan hakimiyyəti bu gün ölkə daxilindəki qeyri-sabit vəziyyəti, yürütdüyü yöndəmsiz siyasətin nəticəsi olan rəzaləti kompensasiya etmək məqsədilə Qarabağ kartından istifadə etmək istəyir.

Eləcə də o da sirr deyil ki, Ermənistan növbəti dəfə Yaxın Şərq bölgəsindəki vəziyyətdən, Livanda baş vermiş dəhşətli partlayışdan öz məqsədləri üçün istifadə edərək faydalanmağa çalışır. Belə ki, Ermənistanın rəhbərliyi Livanda yaşayan erməni əsilli livanlıların "kömək” adı altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini həyata keçirməkdədir.

Bundan əvvəl Ermənistan Suriyada yaranmış ağır vəziyyətdən istifadə edərək orada yaşayan ermənilərin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsinə cəhd edib. İndiki halda da Şuşa şəhərinə Livan ermənilərinin köçürülməsi ilə bağlı videolar yayılıb. Faktiki olaraq burada məqsəd işğal olunmuş ərazilərdə həyata keçirilən qanunsuz etnik təmizləmə siyasətini davam etdirmək, sülh danışıqlarını pozmaq və status-kvonu möhkəmləndirməkdir.

Digər tərəfdən, hərbi müstəvidə Azərbaycan Ordusunun qüdrəti qarşısında uğursuzluğa düçar olmuş N.Paşinyan hakimiyyəti revanş əldə etmək niyyəti güdür. Yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bu xüsusda deyib: "Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi... Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm, biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər etdi”.

Bu gün işğalçı Ermənistanda pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Bir məqamı da xüsusi qeyd edək ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin başlıca səbəbi işğalçılıq siyasəti, Azərbaycanın təcavüzkara qarşı gördüyü tədbirlərdir. N.Paşinyanın hakimiyyətə gəlməsindən 2 il keçməsinə baxmayaraq, ölkədə pandemiya fonunda yeni parçalanmalar, gərginliklər müşahidə edilməkdədir. Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib yox olduğunu xüsusi vurğulamalıyıq. Bu gün işğalçı ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. İnsanlar gündəlik çörək problem ilə üzləşiblər. On minlərlə erməni işini itirib və onların sayı sürətlə artmaqda davam edir. Ermənistan baş naziri isə bu uğursuzluqları unutdurmaq üçün dövlət sərhədində və cəbhədə təxribatlara əl atır.

Prezident İlham Əliyev qeyd edib ki, Paşinyanın ikinci məqsədi hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırmışdılar. Çünki onlar bilirdilər ki, Azərbaycan dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir: "...Onu göstərir ki, bizim artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işğal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə girə bilmədilər. Biz onlara sarsıdıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur”.

Ermənistan tərəfi bu mesajdan nəticə çıxararaq öz çirkin və təxribatçı əməllərindən çəkinməlidir. Əks halda bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: