Bu günə qədər ABŞ-ın “Eurasia Review” qəzetində Naxçıvan Muxtar Respublikası barədə 40-dan artıq məqalə nəşr olunub. 17 sentyabr 2020-ci il tarixdə amerikalı jurnalist və diplomat Peter Tasenin “Eurasia Review” qəzetində “Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı” başlıqlı məqaləsi nəşr edilib.
NUHÇIXAN İnformasiya Agentliyi həmin məqalənin birinci hissəsini təqdim edir:
2014-cü ilin sentyabr ayında Avropa Şurasının keçmiş baş katibi, tanınmış avstriyalı diplomat Walter Schwimmer ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olduq. Naxçıvan şəhərində olduğumuz müddətdə Avrasiya məkanında nadir memarlıq abidəsi olan Yusif Küseyir oğlu və Qarabağlar türbələrini ziyarət etmək fürsətimiz oldu.
Yusif Küseyir oğlu türbəsi Naxçıvan şəhərində memarlıq abidəsidir. Bu abidə Xiyabani prospektində yerləşir və xalq tərəfindən Atababa türbəsi və ya Atababa günbəzi olaraq tanınır. Memarlıq şah əsəri səkkiz əsr bundan əvvəl tikilmiş, XX əsrin əvvəllərində müəyyən bərpa işləri aparılmış, mühəndis qurğuları gücləndirilmişdir. Bu nadir türbə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəklindədir.
Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağşəkilli sferik günbəzlə örtülmüşdür. Türbədə ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyiroğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabədə bildirilir ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabədə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyi göstərilir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə “Quran”dan ayələr yazılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu əzəmətli abidənin və onun kitabələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirmiş, mühüm əhəmiyyətə malik olan xüsusi memarlıq şah əsərini qorumaq üçün vəsait ayrılmışdır.
Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən yaradılmışdır. Binanın qəfəsini təşkil edən bu qurğuların arasındakı sahələr həndəsi ornamentli formada üzlənmiş, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə səthlərə bərkidilmişdir. Türbənin qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi havatəmizləyici boşluq qoyulmuşdur. Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə çalarları ilə bu koloriti zənginləşdirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu böyük şah əsər bərpa olunmuşdur.
Naxçıvan dünya mədəniyyətinin bir xəzinəsidir, beynəlxalq səviyyədə tədqiq edilməli və daimi olaraq təbliğ olunması vacib olan memarlıq xüsusiyyətlərinə malikdir. Doğma, qədim Naxçıvan, həqiqətən, beynəlxalq diqqətə layiq incidir.