Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmənin hərbi təxribatlarının intensivləşməsi ilə əlaqədar əhaliyə müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyi DTX-nin saytına istinadla xəbər verir ki, müraciətdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfinin sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərdiyi bildirilib.
Belə hallarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.
“Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və mesencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.
Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər”, - deyə DTX-nin məlumatında qeyd olunub.