Avstraliyada ingilis və ərəb dillərində fəaliyyət göstərən “Farah.news” saytı Ermənistanla sərhəddə Azərbaycan əsgərinin şəhid olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyinin həmin ölkəyə xəbərdarlıq etməsindən yazıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 22-də yayılmış “Türkiyə: Ermənistan, odla oynamağı dayandır” adlı məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsindən, bu günlərdə Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq Azərbaycan əsgərini öldürməsindən bəhs olunur. Bildirilir ki, Türkiyə tərəfindən dərin kədər hissi ilə qarşılanan hadisəyə görə Azərbaycan xalqına başsağlığı verilib.
Bununla yanaşı, Türkiyə Xarici İşlər nazirinin də özünün “Twitter” səhifəsində Azərbaycana dəstək verdiyi qeyd edilir.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilərək, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərini işğal etdiyi xatırladılır.
Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının dörd, Baş Məclisinin iki qətnaməsinə, çoxsaylı beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan öz qoşunlarını işğal etdiyi Dağlıq Qarabağdan və Azərbaycanın daha yeddi rayonundan çıxarmaqdan imtina edir.
Bildirilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı danışıqlar hələlik heç bir nəticə verməyib.